...

Azərbaycan artıq İran tərəfinə bütün faktları təqdim edib - nazir

Siyasət Materials 18 Dekabr 2007 23:58 (UTC +04:00)
Azərbaycan artıq İran tərəfinə bütün faktları təqdim edib - nazir

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan artıq İran tərəfinə bütün faktları təqdim edib. Bunu jurnalistlərlə söhbət zamanı Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Azərbaycanda həbs edilən "Səidin dəstəsi"nin İran İslam İnqilabının Müdafiə Korpusu - "SEPAH"la əlaqələri ilə bağlı məsələni şərh edərkən deyib. "Bu gün nazir müavini İranın Azərbaycandakı səfiri ilə görüşüb və ona bütün faktları təqdim edib. Hazırda İran tərəfinin cavabını gözləyirik" - deyə o vurğulayıb.

Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran və 2007-ci ilin yanvarında həbs olunmuş "Səidin dəstəsi" kimi tanınan (dəstənin rəhbəri Səid Dadaşbəylinin adı ilə) silahlı qruplaşmaya dekabrın 10-da hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qruplaşmanın 14 üzvünü 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Onlar dövlətə xəyanət etməkdə, ölkədə hakimiyyəti zorla ələ keçirmək üçün hazırlıq işləri görməkdə, qanunsuz silah saxlamaqda, saxta pullar hazırlamaqda və yaymaqda, narkotik vasitələr saxlamaqda və yaymaqda günahkar bilinirlər.

Bazar günü İran KİV-ləri Azərbaycanın Tehrandakı səfirinin bu ölkənin xarici işlər nazirliyinə çağırıldığını və ondan məsələ ilə bağlı izahat tələb edildiyini yazıblar. MTN-nin yaydığı xəbərlərdə "Səidin dəstəsi"nin "SEPAH"la əlaqələrindən bəhs olunurdu.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan hər hansı dövlətin təzyiqi altında hərəkət etmir. "Bu problem İranla Azərbaycan arasında olan problemdir. Mən deməzdim ki, burada diplomatik gərginlik mövcuddur" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti