...

Prezident İlham Əliyev Bakının Nərimanov rayonu ərazisində salınmış yeni yolun açılışındaiştirak edib

Siyasət Materials 19 Dekabr 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Prezident İlham Əliyev çərşənbə günü Bakının Nərimanov rayonu ərazisində salınmış yeni yolun açılışındaiştirak edib. Dövlətimizin başçısı bu il sentyabrın 1-dən inşasına başlanmış yolun açılışını bildirən lenti kəsib.Prezidentə məlumat verilib ki, Həsən Əliyev prospektini, Maqsud Əlizadə, Teymur Əliyev və Salamzadə küçələrini Əhməd Rəcəbli küçəsi ilə, Aşıq Molla Cümə küçəsini Ziya Bünyadov prospekti ilə birləşdirən bu yol ərazidə nəqliyyatın hərəkətini tənzimləyəcək. Altızolaqlı ikitərəfli yolun uzunluğu 1,5 kilometr, yolun eni isə 24 metrdir. Ümumiyyətlə, paytaxtda yol-nəqliyyat strukturunu yaxşılaşdırmaq üçün Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Nərimanov rayonunda 5 yeni küçənin salınması başa çatdırılıb. Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Aşıq Molla Cümə küçəsi istifadəyə hazırdır. Bundan əlavə, Həsən Əliyev prospektini Əhməd Rəcəbli küçəsi ilə bağlayan 500 metrlik yolun çəkilişi də tamamlanıb. Ərazidə 60 min kvadratmetr asfalt döşənmiş, xaricdən gətirilmiş 4 mindən çox dekorativ bəzək kolları, habelə palma ağacları əkilib. Salınan yaşıllıqları suvarmaq üçün xüsusi su xətləri çəkilir, işıqlandırma sistemi quraşdırılır. Nərimanov rayonu ərazisində daha üç yolun salınması davam etdirilir. Prezident İlham Əliyev yolun layihəsi, eləcə də bu ərazidə yerləşən "Qardaşlıq məzarları" xatirə kompleksinin eskiz layihəsi ilə tanış olub. Prezidentə, həmçinin, bildirilib ki,sahəsi 11220 kvadratmetr olacaq xatirə kompleksinin tikintisinə 1,552 milyon manat xərclənəcəyi nəzərdə tutulub.Burada işlərin 2008-ci ilin mayın 9-da tamamlanması plnlaşdırılır. Tikintinin işlərini "Dəvəli" və "İlandağ" məhdud məsuliyyətli cəmiyyətləri aparacaq. Dövlətimizin başçısı bu cür yolların əhəmiyyətini, paytaxtın digər ərazilərində də belə yollara ehtiyac duyulduğunu vurğulayıb və komplekslə bağlı tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti