...

"Bakı" jurnalı Azərbaycan və Rusiya arasında mədəni dialoqu daha da inkişaf etdirəcək -- Leyla Əliyeva

Siyasət Materials 20 Dekabr 2007 11:57 (UTC +04:00)
"Bakı" jurnalı Azərbaycan və Rusiya arasında mədəni dialoqu daha da inkişaf etdirəcək -- Leyla Əliyeva

Rusiya, Moskva/ Trend , müxbir R.Ağayev/ Moskvada, Rits-Karlton otelində "Bakı" jurnalının təntənəli təqdimat mərasimi keçirilib. Jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin sədri Leyla Əliyevadır. Tədbirdə Rusiya mədəniyyətinin, elminin, ictimai-siyasi ziyalılarının tanınmış nümayəndələri, biznes-elita, həmçinin, Rusiya şou-biznesinin nümayəndələri iştirak ediblər. Mərasimin aparıcısı, məşhur teleaparıcı Vladimir Molçanov öz çıxışında qeyd edib ki, hər bir insanın həyatında, harda olmasından asılı olmayaraq, daim can atdığı sevimli şəhər var və bu tədbirdə toplaşanların əksəriyyəti üçün bu şəhər Azərbaycanın gözəl paytaxtı Bakıdır. Aparıcı şəhərin tarixi və etimologiyası, unikal inkişafı, coğrafi vəziyyəti və şəhərin milli tərkibi haqqında qısa məlumat verib. Sonra aparıcı tərəfindən musiqinin müşayiəti ilə Azərbaycan haqqında qısa sənədli film təqdim olunub. "Bakı" jurnalının ilk nömrəsinə həsr olunmuş təqdimat mərasiminin açılışı üçün söz jurnalın baş redaktoru və naşiri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin sədri Leyla Əliyevaya verilib. Mərasim iştirakçılarına minnətdarlığını bildirən Leyla Əliyeva, deyib ki, "Bakı" jurnalının təqdimat mərasimi onun üçün çox sevindirici və həyəcanlandırıcı hadisədir. Belə ki, bu jurnal vasitəsilə bu qədim şəhərin bütün gözəlliyini göstərməyə cəhd edilib. Onun sözlərinə görə, bu gün Bakı -- iqtisadi inkişaf, müasirliklə çulğaşan milli adət-ənənələr və zəngin mədəni dəyərlərdir. Leyla Əliyeva bildirib ki, Bakı daim öz tolerantlığı, qonaqpərvərliyi ilə fərqlənib və bu gün müxtəlif millətlər üçün doğma şəhərdir. "Bu gün bu jurnalı Moskvada təqdim edərkən, biz Azərbaycanın qədim mədəniyyətinin kiçik bir hissəsini Rusiyanın paytaxtına gətirməyə çalışmışıq və maraqlı milli konsert hazırlamışıq" - baş redaktor bildirib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Azərbaycan və Rusiyanı uzun qardaşlıq illərinin, mehriban qonşuluğun birləşdirdiyini qeyd edib və "Bakı" jurnalının iki ölkə arasındakı mədəni dialoqu daha da inkişaf etdirəcəyinə, Azərbaycan haqqında maraqlı məlumat mənbəyi olacağına ümid etdiyini bildirib. Leyla Əliyeva jurnal üzrəində işləyən bütün insanlara minnətdarlığını bildirib və qeyd edib ki, junralın birinci nömrəsinin üzərində işləyən insanlar ona canlarını və qəlblərini qoyublar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Bakı" jurnalının ünvanına təbrik sözü ilə çıxış edib. O bildirib ki, bu gün onun üçün Moskvada, "Bakı" jurnalının təqdimetmə mərasimində iştirak etmək ikiqat sevincdir. Belə ki, bu əhəmiyyətli hadisəyə onun yaxın adamlarının münasibəti var. O, jurnalın baş redaktoru Leyla Əliyevanı və onun bütün komandasını bu layihəni parlaq şəkildə reallaşdırdıqları üçün təbrik edib və bildirib ki, nəşriyyat işində ikinci dərəcəli detallar olmur. "Hər şey vacibdir -jurnalistlərin işi, şəkillərin, materialların seçilməsi, redaktor qərarı. Bütün bunlar vacib rol oynayır və mənə elə gəlir ki, bu gənc komandaya qısa müddətdə gözəl, maraqlı jurnal yaratmaq müyəssər olub" -Mehriban Əliyeva bildirib. Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə, elə nəşrlər var ki, öz oxucusunu gec və çətinliklə tapır, lakin bu halda, vəziyyət başqa cürdür: çoxsaylı auditoriya, uzun müddətdir ki, bu jurnalın işıq üzü görməsini gözləyirdi. Onun sözlərinə görə, bu jurnal təkcə Bakı və Moskva ilə deyil, Rusiyanın başqa regionları arasında da körpü yaradacaq. O, "Bakı" jurnalının təkcə Rusiyada yaşayan Azərbaycanlılar üçün deyil, Azərbaycan xalqına yaxın olanlar üçün, onun mədəniyyəti, tarixi ilə maraqlananlar üçün sevimli nəşr olacağına ümid etdiyini bildirib. Mehriban Əliyeva bütün iştirak edənlərə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Sonra Mehriban xanım dövlət başçısının "Bakı" jurnalı kollektivinin ünvanına təbrikini oxuyub. Təbrikdə deyilir: "Sizi, "Bakı" jurnalının redaksiyasının bütün üzvlərini jurnalın birinci nömrəsinin işıq üzü görməsi münasibətilə təbrik edirəm. Jurnal bizim paytaxtın adını daşıyır. Bu, qarşıya məsuliyyət hissi qoyur. Belə ki, Bakı unikal şəhərdir. Onun müasir görünüşü, qədim küçələrinin cazibəsi, Bakı buxtasının təkrarolunmaz görünüşü, heç olmasa bir dəfə Bakıda olan insanın ürəyində uzun müddət qalacaq. Bu heyranedici atmosfer jurnalda tam olaraq öz əksini tapıb. Jurnalın səhifələrində bizim tariximizin və bu günümüzün ən parlaq faktları harmonik şəkildə uyğunlaşır. Düşünürəm ki, Azərbaycan əhalisi və Azərbaycan diasporu gözəl hədiyyə alıblar. Ümid edirəm ki, junralın oxucu dairəsi Azərbaycanda da, onun sərhədlərindən uzaqlarda da daim genişlənəcək. Bu gün Azərbaycan dinamik inkişaf edir. Bizim müxtəlif sahələrdəki uğurlarımız bir çox nəşrlərdə əks olunub. Lakin indiyədək bizim Azərbaycan haqqında obyektiv məlumat verən, illüstrasiyalı rusdilli jurnalımız olmayıb. Jurnal, sözsüz ki, bu informasiya boşluğunu dolduracaq. Bununla yanaşı, jurnalın səhifələrində Rusiyada yaşayan azərbaycanlılarla tanış olmaq, onların uğurları və problemləri haqqında məlumat əldə etmək mümkündür. Əminəm ki, tezliklə "Bakı" jurnalı digər dillərdə də yayımlanacaq və müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi birləşdirəcək. Bu jurnalın işıq üzü görməsində əməyi olan bütün insanlara xoşbəxtlik, can sağlığı və firavanlıq arzu edirəm. Sizə uğurlar! ". Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Bakı" jurnalı kollektivinin ünvanına təbriklərini bildirib. Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Opera və Balet teatrının əməkdar artisti Samir Cəfərov tədbirin musiqili hissəsini məşhur Azərbaycan bəstəkarı Tofiq Quliyevin mahnısı ilə açıb. "Bakı" jurnalının işıq üzü görməsinə Krokus İnterneşnl-in kommerisya direktoru Emin Ağalarov eksklüziv hədiyyə edib. Jurnalı gözəl, maraqlı və dəbə uyğun adlandıran Ağalarov, öz mahnıları ilə yanaşı, məşhur hitləri də ifa edib.

Xəbər lenti

Xəbər lenti