Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ İranda yaşayan azərbaycanlıların həbsdə olan milli fəallarına mənəvi təzyiq göstərilir- deyə, Türkiyədə fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi Əlirza Cəvanbəxt bildirib.
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) dekabrın 26-da yaydığı məlumata əsasən, Güney Azərbaycanın həbsdə olan milli fəalı Əbdullah Əbbasinin ailəsi onun azadlığa buraxılması üçün məhkəməyə 80 min dollardan çox girov versə də, milli fəal hələ də azadlığa buraxılmayıb. Həmçinin, digər milli fəal Abbas Lisaniyə İnqilab məhkəməsi tərəfindən kəsilmiş 50 şallaq cəzasının icrası yeni il bayramı gününə saxlanılıb.
ASMEK-in baş katibi Cəvanbəxt çərşənbə axşamı Ankaradan telefonla Trend ə bildirib ki, İranda bir çox milli fəala fiziki işgəncələr tətbiq edilir. "Lisaninin 50 şallaq cəzasının yeni il bayramında icra olunması, ailəsinə və onun özünə təzyiqlərin çox az hissəsidir"-deyə, Cəvanbəxt bildirib.
Lisani 2006 - cı ildən etibarən, "milli təhlükəsizliyi pozmaq" ittihamı ilə İranın Ərdəbil şəhərində həbsdə saxlanılır. Hazırda Lisaninin sabiq müdafiəçisi Saleh Kamrani də həbs olunub. Amnesty İnternational son hesabatında onun vəkilinin milli fəalları müdafiə etdiyinə görə həbs olunduğunu bildirərək, İranda Azərbaycan milli fəallarına olan təzyiqləri pisləyəib.
Lisaninin həyat yoldaşı Rüqəyyə Lisani İrandan telefonla Trend ə bildirib ki, Abbasa tətbiq olunan cəza qeyi-insanidir. "Abbas milli-mədəni fəaliyyətinə görə, 2006 - cı ildən həbsxanada saxlanılır və hələ 1 il də həbsdə qalacaqdır. Rəsmi Tehran dəfələrlə onun həbs müddətini müxtəlif bəhanələrlə artırmağa çalışıb, Lisaniyə maliyyə cəriməsi kəsilib, şallaq cəzası verilib və hələ də yeni ittihamlarla cəza müddətini artırmağa cəhd göstərilir".
Qeyri-rəsmi məlumata əsasən, İranda 35 milyon azərbaycanlı yaşayır.