...

Deputatlar təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə bağlı razılığa gələ bilmirlər

Siyasət Materials 27 Dekabr 2007 14:44 (UTC +04:00)
Deputatlar təhsil müəssisələrində hicabın qadağan edilməsi ilə bağlı razılığa gələ bilmirlər

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "Təhsil haqqında" yeni qanun layihəsində təhsil müəssisələrində hicabın qadağan olunmasını mütərəqqi hal hesab edir. Bu barədə o, cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

"Təhsil haqqında" yeni qanun layihəsinin 11.1.8 bəndində bildirilir ki, "Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsi alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə olmalarına yol verilmir". Bu vaxta qədər isə Azərbaycanın bütün təhsil müəssisələrində başörtüyü ilə bağlı vətəndaşlara sərbəstlik verilib.

Millət vəkili bildirib ki, Konstitusiyaya görə, Azərbaycanın təhsil sistemi dünyəvidir. O, həmçinin hesab edir ki, bütün islam ölkələrində dindən siyasi məqsədlər üçün istifadə edilməsi bu ölkələri yalnız geriyə aparıb, orada demokratiyanın inkişafına mane olub: "Biz bu gün təhsil müəssisələrində hicaba qadağa qoymasaq, bunun davamı gələcək və bir də baxacağıq ki, Azərbaycan İran kimi bir dövlətə çevrilib"-deyə Həsənquliyev bildirib.

Digər millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, təhsil müəssisələrində hicabın qadağan olunmasının qəti əleyhinədir, çünki inanclı insanlar təhsildən kənarda qala bilər: "Belə bir qadağa həm də cəmiyyətdə tolerantlığın pozulması deməkdir"-deyə Qəzənfəroğlu bildirib.

Milli Məclisin İnsan haqları komissiyasının sədri Rəbiyyət Aslanova cümə axşamı Trend ə açıqlamasında bildirib ki, Azərbaycan qanununa əsasən, təhsil dünyəvi olduğu üçün bu şərtə əməl etmək lazımdır. O hesab edir ki, hicabın qadağan olunması insan haqlarının pozulması demək deyil: "Mənim fikrimcə, qanunda "hicab" sözü yox, "dini atributlar" yazılmalı və bu atributlar təhsil müəssisələrində qadağan olunmalı, yalnız dini təhsil müəssisələrində izacə verilməlidir"-deyə xanım millət vəkili bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi rəsmi məlumata görə, Azərbaycanda əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Onların da 65 faizi şiə, 35 faizi sünnü təriqətinə mənsubdur.

Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib. Yeni qanun layihəsi hazırda Milli Məclisin müzakirəsindədir.

Xəbər lenti

Xəbər lenti