Azərbaycan, Bakı, 11 yanvar/ " Trend ", müxbir, D.Xatınoğlu/ ABŞ-ın İrana tətbiqi etdiyi sanksiyalar nəticəsində son bir il ərzində heç bir xarici neft şirkəti İranda sərmayə yatırmayıb. "ABŞ İranın neft sənayesini böhran vəziyyətinə salıb" - deyə ABŞ-ın iqtisadi eksperti Kamran Dadkhah Trend ə bildirib.
BBC-nin cümə axşamı yaydığı məlumata əsasən, son iki ildə İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunması nəticəsində Avropa şirkətləri İranla yeni müqavilələr bağlamağa tərəddüdlə yanaşırlar. İranın İRNA agentliyinin noyabrın 10-da yaydığı məlumata əsasən, İran Vyanada keçirdiyi konfransda ölkənin 17 neft layihəsi ilə bağlı tender elan edib.
ABŞ-ın Northeastern Universitetinin professoru, İran Tədqiqat və Analiz Mərkəzinin üzvü Dadkhah cümə günü telefonla Trend ə bildirib ki, islam inqilabından sonra İranın xarici siyasətinin kobud və uğursuz qurulması nəticəsində ölkə hər zaman sərt sanksiyalara məruz qalıb. "İran keçmişdə sutkada 5 000 000 bareldən artıq neft ixrac edirdi. Lakin sanksiyalardan sonra hazırda bu rəqəm 3 000 0000 barelə də çatmır" - deyə Dadkhah bildirib.
ABŞ ekspertinin fikrincə, İran hakimiyyətinin uğursuz iqtisadi planları və ABŞ-ın İrana birbaşa tətbiq etdiyi iqtisadi sanksiyalar rəsmi Tehranı böhrana salıb. "Məncə, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə qəbul etdiyi sanksiyalar deyil, ABŞ-ın rəsmi Tehrana qarşı tətbiq etdiyi iqtisadi təzyiqlər ölkəni dərin böhrana salıb" - deyə Dadkhah bildirib.
BMT Təhlükəsizlik Şurası İrandan nüvənin zənginləşdirilməsini dayandırmağı tələb edib. İran isə bununla razılaşmadığı üçün ölkə əleyhinə indiyədək iki Qətnamə qəbul olunub. ABŞ isə İranın 4 bankına qarşı birbaşa embarqo tətbiq etib və xarici şirkətlərin bu banklarla maliyyə əlaqələri yaratmasına qadağa qoyub.