...

Kosovonun müstəqilliyinin Dağlıq Qarabağ münaqişəsinə təsiri naməlumdur – Avropa Şurasının baş katibi (Müsahibə)

Siyasət Materials 29 Yanvar 2008 09:52 (UTC +04:00)

Fransa, Strasburq 28 yanvar / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurasının baş katibi Terri Devisin Trend ə eksklüziv müsahibəsi

- ABŞ və Avropa Mttifaqı ölkələrinin əksəriyyəti Kosovonun müstəqilliyini tanıyacağı təqdirdə, Avropa Şurası hansı mövqe nümayiş etdirəcək?

- Avropa Şurası ABŞ nümunəsini rəhbər tutmur, onlar Avropada deyil və beləliklə, Avropa Şurasının qərarına təsir göstərmirlər. Kosovo öz müstəqilliyini bəyan edərsə, Avropa İttifaqının üzvü olan 27 ölkənin də təmsil olunduğu Avropa Şurasının 47 üzv ölkəsi məsələ üzrə qərar qəbul edəcək. Lakin həmin qərarın nədən ibarət olacağını indidən deyə bilmərəm. İlk dəfə deyil ki, təşkilatın üzv ölkələri arasında hər-hansı məsələ üzrə fikir ayrılığı yaranır.

- Kosovonun müstəqilliyinin tanınması dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə təsir edə bilərmi?

- Bu təsirin nədən ibarət olacağını əvvəlcədən demək çox çətindir. Mənim narahatlığım Kosovo öz müstəqilliyini elan edəcəyi təqdirdə, Avropa Şurasının münasibətinin nədən ibarət olacağı ilə bağlıdır. Dəfələrlə bəyan etmişdim ki, Avropa Şurasının mövqeyi BMT Təhlükəsizlik Şurasının qərarını əks etdirəcək. İndi isə BMT Təhlükəsizlik Şurasının məsələ üzrə qərarının olacağı inandırıcı görünmür. Bu halda artıq Avropa Şurasının nə etməli olduğunu müəyyənləşdirmək 47 üzv ölkənin hökumətlərinin üzərinə düşür. Onlar mənə deyəcəklər ki, həyata keçirilməli olan qərarları nədən ibarət olacaq. Avropa Şurası mandatı çərçivəsində Kosovoda insan hüquqları, təhsil, yerli hakimiyyət, mədəni irs kimi sahələr üzrə monitorinq və nəzarəti bundan sonra davam etdirmək tam mümkündür. Kosovo öz müstəqilliyini bəyan edəcəyi halda nə baş verəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil, bu barədə qərarı 47 üzv ölkənin hökuməti verəcək.

Dağlıq Qarabağ probleminin həlli məsələsinə gəldikdə, əminəm ki, Avropa Şurasının və mənim istədiyim, bütün bölgədə etdiyimiz kimi, Dağlıq Qarabağda da insan hüquqları stadartlarının təkmilləşdirilməsinə töhfə verməkdən ibarətdir.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan son müzakirələrə dair mövqeyiniz necədir? Hər iki ölkədə prezident seçkiləri ərəfəsində razılaşmanın əldə olunması üçün tövsiyələr nədən ibarət ola bilər?

- Məsələnin həlli Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür. Bu, onların işidir. ATƏT-in Minsk qrupu yardım edə bilər, lakin bu iş əsasən prezidentlər, onların hökumətləri və hər iki ölkənin xalqının üzərinə düşür. Beləliklə, mənim həm Azərbaycan, həm də Ermənistana məsləhət və tövsiyəm bu sahədə işi davam etdirməkdən ibarətdir.

- Avropa Şurası bununla bağlı hansı təsir imkanlarına malikdir?

- Müxtəlif beynəlxalq təşkilatlar arasında təkrarçılığa yol verilməməsi çox vacibdir. Bu məsələ ilə ATƏT adından Minsk qrupu məşğul olur. Avropa Şurası üçün onun yolunun üzərinə çıxmaq kifayət qədər yanlış addım olardı. Bir vasitəçilik ola-ola, digər vasitəçilik səyi fövqündə aydındır ki, bu, ATƏT-in səlahiyyətinə aiddir. İşə davam etmək barədə məsləhətimə bu məqamda onu da əlavə edim ki, Minsk qrupu nümayəndələrinin təklif etdiklərinə də diqqət yetirmək lazımdır.

- Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı Avropa Şurası hansı tövsiyələri və yardımı göstərə bilər?

- Biz seçkilərin hazırlanmasında bütün üzv ölkələrlə əməkdaşlıq etmişik. Hazırda bu işi Ermənistanla görürük. Ümumi qaydaya uyğun olaraq, Azərbaycanla da bu sahədə əməkdaşlıq edəcəyik. Nə edəcəyimizi, hansı sahələr üzrə yardım göstərəcəyimizi əvvəlcədən deyə bilmərəm. Çox şey Azərbaycanın hakimiyyət qurumlarının nə barədə müraciət etmələrindən asılı olacaq.

- Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkə öhdəliklərin bir qismini yerinə yetirib, digər qismini isə yerinə yetirməsini gözləyirik. Əlbəttə ki, Azərbaycan və Ermənistan tərəfindən hələ də yerinə yetirilməmiş ən vacib öhdəlik Dağlıq Qarabağ məsələsinin dinc yolla həlli ilə bağlı öhdəlikdir.- Azərbaycanda söz və mətbuat azadlığı, insan haqları sahəsində vəziyyəti necə dəyərləndirirsiniz? Siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması nə dərəcədə zəruridir?

- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda hər hansı xüsusi məsələ üzrə məruzəçi təyin edib-etməyəcəyi barədə məndə heç bir məlumat yoxdur. Mən bu barədə şərh verə bilmərəm, çünki qərarları AŞPA verir. Sualınızın ifadə azadlığı ilə bağlı birinci hissəsinə gəldikdə isə qeyd etməliyəm ki, Azərbaycanda bir sıra jurnalistlərin həbs edilməsi ilə bağlı çox narahat idim və bu narahatlığımı Azərbaycanın hakimiyyət qurumlarına ifadə etmişəm. İndi çox məmnunam ki, həmin jurnalistlərdən bəziləri azad edilib. Onların hamısının həbsdən azad edilməsini gözləyirəm və buna ümid edirəm.

- Gürcüstanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini necə qiymətləndirirsiz?

- Gürcüstan da Azərbaycan kimi, təşkilat qarşısında götürdüyü öhdəliklərin bir çoxunu yerinə yetirib. Hələ də öz həllini gözləyən öhdəliklər də var. Prezident seçkilərinə gəldikdə isə, Avropa Şurası müşahidəçilərinin məruzəsi ilə bağlı öz məyusluğumu ifadə etmişəm. Onlar bildiriblər ki, nəticə aydın idi və Saakaşvilinin prezident seçilməsinə uyğun gəlir. Onların fikrincə, seçkilər azad idi, lakin ədalətli deyildi. Çünki görülən bir çox şeylər seçkilərin ədalətli olmamasından xəbər verir. Xüsusi narahatlıq, hökumət və hakimiyyət qurumlarının resurslarının bir namizədin- hakimiyyətin namizədi olan Saakaşvilinin dəstəklənməsi üçün istifadə olunması ilə bağlıdır. Bundan çox narahat olduq.

- Azərbaycana səfəriniz planlaşdırılırmı?

- Azərbaycana indiyədək bir neçə dəfə səfər etmişəm və ölkəyə yenidən getməyi çox istəyirəm. Lakin hələ ki, konkret tarixlə bağlı nə rəsmi dəvət almışam, nə də özüm belə bir tarix təklif etmişəm. Düzdür ki, ölkəyə səfər etməyə çox ümumi dəvətlər almışam. Azərbaycana səfərlərimdən həmişə razı qalmışam, orada siyasi sahədə fəaliyyət göstərən çoxlu dostum var. Azərbaycan mətbuatında səfərimlə bağlı qeyd edilənlərin isə, mənim ölkəyə getmək barədə ifadə etdiyim arzunun konkret səfər etmək öhdəliyi kimi verilməsi ilə bağlı olduğunu düşünürəm.

Xəbər lenti

Xəbər lenti