...

Kosovo ilə təcrübə: müstəqil dövlət və ya "qara dəlik"

Siyasət Materials 18 Fevral 2008 17:13 (UTC +04:00)
Kosovo ilə təcrübə: müstəqil dövlət və ya "qara dəlik"

İvan Zaxarçenko, RİA Novosti-nin beynəlxalq icmalçısı

Keçmiş Yuqoslaviya ərazisindəki üsyankar Kosovo diyarının parlamenti nəhayət ki, müstəqil dövlət olmaq niyyəti haqqında bəyannamə qəbul edərək birtərəfli şəkildə Serbiyadan müstəqilliyini elan edib. Düzdür, faktiki olaraq bu hardasa mart ayında, konstitusiya, dövlət rəmzləri və otuza yaxın qanunun qəbul edilməsindən sonra baş verəcək.

Ərazisi 1999-cu ildən Serbiyanın nəzarətindən çıxan Kosovo şərti olaraq müstəqil olacaq. Belə ki, faktiki olaraq Avropa İttifaqının protektoratı kimi, onun iqtisadi köməyi hesabına, 16 min NATO əsgəri və Avropa İttifaqının 2 minə yaxın polisinin iştirakı ilə mövcud olacaq.

Onların məqsədi artan cinayətkarlığı cilovlamaq, Avropa səviyyəsində qayda-qanunu təmin etmək və Kosovo serblərini müdaifə etməkdir. Bunun nə qədər davam edəcəyi, bütün bunlardan nə alınacağı heç kimə məlum deyil.

Avropa dövlətlərinin heç də hamısı Kosovonun müstəqilliyini tanımağa tələsmir. BMT TŞ-nin bu günlərdə bağlı qapılar arxasında keçirilən iclasında diyarın Serbiyadan ayrılması fikrini şuranın 15 üzv dövlətindən yalnız beşi dəstəkləyib.

Kosovonun müstəqilliyi uğrunda ABŞ fəal çıxış edir və Amerika mətbuatında Kosovonun Serbiyadan ayrılması məsələsi üzrə kosovalıların taleyi, xüsusilə də onların arasında yaşayan serblər haqqında narahatlıqdan çox bir növ bədxahlıq müşahidə olunur.

Bu bədxahlıq Yuqoslaviyanın tamamilə dağılması, serblərin yumşaq desək, uduzmaları və Serbiyanın ərazi bütövlüyünün köhnə müdafiəçisi Rusiyanın öz dəstəyi ilə heç nəyə nail olmaması ilə bağlıdır.

Bununla yanaşı, Amerika qəzetləri son günlər Rusiyanı istehzalı şəkildə ya "nərildəyən ayı", ya da "neftlə zəngin begemot", lakin bununla yanaşı, dəyişiklik etmək üçün gücsüz adlandırırlar.

Bədxahlıq açıq müşahidə olunur. Lakin Avropa Kosovonun müstəqilliynin cəzasını çəkən zaman, yəqin ki, bu bədxahlıq haqqında tez dəyişən və informasiya ilə yüklənmiş dünyada artıq unudacaq, qarşıdakı problemlərin günahkarı isə albanların məskunlaşdığı ərazinin Serbiyadan ayrılmasını qızğın şəkildə dəstəkləyən deyil, kimsə başqası "olacaq".

Hazırda uzun müddətdir ki, əhalinin siyahıya alınması keçirilməsə də, Kosovonun 2 milyon serb əhalisindən 100 min nəfər qalıb.

Lakin eyni zamanda qərb analitikləri də xəbərdarlıq edirlər ki, Kosovonun problemləri müstəqillik elan etməklə bitməyəcək. Məhdud şəkildə olsa da zorakılıq, daha doğrusu, serb icmasının yaşadığı rayondakı zorakılıq özünü göstərəcək. Avropanın Rusiya ilə münasibətləri isə bu əsasda çətinləşə bilər.

Müstəqilliyin elan edilməsi ilə Kosovo nəyə çevriləcək? Avropanın çiçəklənən hissəsinə və ya mütəşəkkil cinayətkarlığın mərkəzinə? Bu məsələdə ekspertlərin rəyi bu və ya digər ölkələrin mövqeləri kimi ayrılır.

İqtisadi cəhətdən firavan Yuqoslaviyanın dövründə də Kosovo diyarı ən kasıb region olub. Lakin müharibədən sonra da vəziyyət heç də yaxşı olmayıb. Buna görə indi Kosovonu özünü müstəqil surətdə təmin edə biləcək müstəqil dövlət kimi təsəvvür etmək kifayət qədər çətindir.

Dünya Bankının 2007-ci il üçün məlumatlarına görə, Kosovoda adambaşına düşən orta illik gəlir cəmi 1 min 600 dollar təşkil edir, əhalinin 37 faizi yoxsulluq səviyyəsində (gündə 1,42 avrodan az), 15 faizi isə gündə cəmi 93 avrosentə yaşayır.

Analitiklər bununla əlaqədar olaraq Kosovo separatçılarını müstəqillik haqqında danışarkən iqtisadi reallıqları nəzərə almamaqda günahlandırırlar. Lakin çətin ki, iqtisadiyyat kosovolu liderləri, serblərlə müharibə aparan keçmiş döyüşçüləri maraqlandırsın.

Avropalılara gəldikdə isə, onların arasındakı nikbinlər Kosovonun 15 mlrd. ton hesablanan kömür ehtiyatına güvənir, enerji kəsiri hiss edən Cənubi Avropaya kömür daşınmalarının həyata keçirilməsi mümkünlüyünü düşünürlər.

Bəziləri xarcidəki kosovoluların yardımına güvənirlər. Onlar bəzi məlumatlara görə, Kosovoya ildə 450 mln. avro göndərirlər.

"Avropa İqtisadi Təşəbbüsü" (ESI) qeyri-kommersiya institutundan olan baş analitik Verena Knaus telefonla Priştinadan etiraf edib ki, Kosovo "adambaşına düşən gəlirin çox aşağı olması, yüksək işsizlik səviyyəsi, yüksək kasıblıq dərəcəsi, zəif səhiyyə və kənd təsərrüfatından asılı olan iqtisadiyyatla xarakterizə edilən iqtisasdi böhrandadır"

Bununla yanaşı, Knaus hesab edir ki, Kosovonun belə iqtisadi vəziyyətdə olan digər dövlətlərlə müqayisədə bir üstünlüyü var.

"Bu, Kosovonun Avropada yerləşməsidir. Ona Balkanların digər ölkələri kimi eyni perspektivlər verilib və bir gün (Kosovo) Avropa İttifaqına qoşula biləcək" - Knaus bildirib.

Onun proqnozlarına görə, Kosovoya Avropa standartlarına çatmaq üçün ən azı 10 il lazım olacaq. Analitik bu müddət ərzində kənd təsərrüfatında istehsalı, təkcə Kosovonun özünün təlabatını deyil, qonşu ölkələrə də ixrac etmək üçün energetikanı qaldırmağın mümkün olduğunu hesab edir.

Bundan əlavə, Knaus hesab edir ki, Kosovoda əhali əsasən gənc, Avropada isə yaşlı olduğu üçün təhsilə vəsait yatırıldığı halda kosovolular guya Avropa ölkələrində işləyə biləcəklər.

Kosovoda qayda-qanunun təmin edilməsi məsələlərinə gəldikdə isə, Avropa İttifaqının məmurları onların həlli üçün Priştinaya xüsusi planlaşdırma Qrupu (EUPT) göndəriblər. Onun rəsmi nümayəndəsi Kerin Limdal (Karin Limdal) əsas problemin məhkəmə sistemi olduğunu hesab edir.

"O, hələ çox zəif, siyasi təsir səviyyəsi isə çox yüksəkdir. Korrupsiya və mütəşəkkil cinayətkarlıq da bu gün Kosovonun problemidir" - Limdal etiraf edib.

Məlum olduğu kimi, BMT-nin 1999-cu ildən fəaliyyət göstərən nümayəndəliyi işini bitirdikdən, Aİ missiyası və Kosovo hökuməti ilə əvəzləndikdən sonra Kosovoda 1800-1900 polis, hakim və digər ədalət işçilərini yerləşdirmək planlaşdırılır. Mətubatın məlumatına görə, birinci il bu məqsədlərə təxminən 190 mln. avro sərf etmək güman edilir.

Kosovo ərazisində Avropa İttifaqı missiyasının nə qədər davam edəcəyi yenə də heç kimə məlum deyil.

"Bizim başlanğıc mandatımız iki ilə hesablanıb və əgər burada qalmaq lazım olsa biz onu dəyişəcəyik. Bunu isə Aİ-nin 27 üzvü həll edəcək" - Avropa İttifaqının Kosovodakı Hazırlıq qrupunun nümayəndəsi bildirib.

Buna baxmayaraq, bu izahatlardan Aİ-nin Kosovoda mütəşəkkil cinayətkarlıq, yoxsulluq və korrupsiya ilə mübarizədə hər hansı dəqiq bir strategiyasının olduğu hiss olunmur. Problem ondadır ki, avropalılar Kosovoda öz ölçülərini tətbiq edirlər və fərqinə varmırlar ki, bu ölçülər orada sadəcə keçməyə bilər.

Rusiyada ekspertlər Kosovonun gələcəyinə dair nikbin deyillər. Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutundan (DİBMİ) Aleksey Arbatovun RİA Novosti-ə bildirdiyi kimi, Aİ-nin komissiyası oradan getdikdən sonra, Kosovoda "Balkanların tən ortasında narkotik və qaçaqmalçılıq üçün qara dəlik" yaranacaq.

Kosovonun birtərəfli şəkildə müsətqilliyini elan etməsinin həm Avropa, həm də dünyanın digər regionlarında sülh və təhlükəsizlik üçün siyasi nəticələrinə gəldikdə isə, bu ayrı söhbətin mövzusudur.

Müəllifin rəyi Trend agentliyinin redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti