...

İranın yeni sentrifuqalar quraşdırması böyük reaksiyalar doğuracaq - İran politoloqu

Siyasət Materials 8 Aprel 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend , müxbir D.Xatınoğlu/ Iranın beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, nüvə stansiyalarında yeni növ sentrifuqalar quraşdırması ölkəyə qarşı sanksiyaların sərtləşməsiylə nəticələnəcək. "İranın yeni sentrifuqalar quraşdırması beynəlxalq ictimaiyyətin kəskin reaksiyaları ilə müşahidə olunacaq" - deyə İran politoloqu Əhməd Zeydabadi bildirib.

Aprelin 8-də İranda Milli nüvə texnologiyaları günü qeyd olunur. Iran prezidenti bu gün Nətənz stansiyasında çıxışı zamanı qeyd edib ki, 6000 yeni sentrifuqanın quraşdırılması ilə bağlı plan həyata keçiriləcək. İRNA agentliyinin məlumatına əsasən, Əhmədinejad bəyanatında bildirib ki, İran uranı zənginləşdirməyi dayandırmayacaq və nüvə proqramı ilə əlaqədar məsələni MAQATE-dən başqa heç kimlə müzakirə etməyəcək.

"İranın nüvə proqramına dair mübahisələr getdikcə dərinləşir" - deyə Zeydabadi bazar ertəsi Tehrandan telefonla Trend a bildirib. Onun fikrincə, İran Nətənz nüvə stansiyasında yeni növ sentrifuqa quraşdırıb. "Yeni sentrifuqalar F2 növlü, yaxud daha modern və güclu növ ola bilər ki,

bunlar da uranın zənginləşdirilmə sürətini 3-4 dəfə tezləşdirir " - deyə İran politoloqu bildirib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Xaviyer Solananın Tehran nüvə proqramından imtina etidiyi halda, ona siyasi və iqtisadi imtiyazlar veriləcəyi barədə təklifini şərh edərkən Zeydabadi deyib: "Rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırmayacağını qəti şəkildə bildirib və bu növ təkliflərin nəticəsi olmayacaq. İran uranın zənginləşdirilməsini heç bir imtiyazın əvəzində dayandırmayacaq".

Iran Tədqiqatçılar Assosiasiyasının sədri Hüseyn Lacəvərdi hesab edir ki, Əhmədinejadın Milli nüvə texnologiyaları günündə 6000 yeni sentrifuqa layihəsi haqda söylədiyi siyasi blefdir. "MAQATE-nin ölkədə nüvə planına qismən də olsa nəzarəti var və bu təşkilatın hesabatlarında belə bir məsələ olmayıb. Rəsmi Tehran daxildə olan iqtisadi gərginliyi "ört-basdır" etmək üçün, nüvə məsələsini şişirdir. Hakimiyyət bu bayram münasibətilə İranda hər bir yoxsul şəxsə 50 dollar pul veriləcəyini də bildirib. Bunlar hamısı daxildə olan narazılıqları ört-basdır etmək üçündür" - deyə Lacəvərdi bu gün Parisdən telefonla Trend a bildirib.

Onun fikrincə, Əhmədinejadın prezidentliyi dövründə İran Qərblə qarşıdurma siyasətini seçmək məcburiyyətində qalıb. "ABŞ-ın İrana qarşı yürütdüyü siyasət uzun zaman dəyişilməyəcək, müharibə variantı isə getdikcə ciddiləşir. İran tərəfi bunların hamısından qorxur və davamlı olaraq siyasi-hərbi bleflər edir" - deyə iranlı politoloq bildirib.

Lacəvərdi hesab edir ki, ABŞ-da keçiriləcək növbəti seçkilərin də bu münaqişənin həllində rolu olmayacaq. "ABŞ İrana qarşı sərt mövqe tutub və respublikaçı ların seçkilərdə qalib gəlmə ehtimalı çoxdur. Beləliklə, İrana qarşı yürüdülən siyasətin daha da sərtləşməsi istisna olunmur" - deyə iranlı politoloq bildirib.

Indiyədək BMT Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsi planına qarşı üç sanksiya tətbiq edib. Qərb İranı nüvə silahı istehsal etməkdə günahlandırır. Rəsmi Tehran isə nüvə proqramının sülhməramlı olduğunu bildirərək, ölkəyə qarşı yürüdülən ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti