...

ATƏT, Avropa Şurası və Avropa Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı dəstək proqramını açıqlayıb

Siyasət Materials 30 Aprel 2008 16:28 (UTC +04:00)
ATƏT, Avropa Şurası və Avropa Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı dəstək proqramını açıqlayıb

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir Q.Cəbiyev/ ATƏT, Avropa Şurası və Avropa Komissiyasının Azərbaycandakı nümayəndələri bu gün ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı dəstək proqramını açıqlayıb. "Biz seçki prosesini təmsil etdiyimiz beynəlxalq qurumların Azərbaycandakı fəaliyyətində əsas prioritet kimi dəyərləndiririk" çərşənbə günü yaydıqları birgə bəyanatında AŞ-nın Azərbaycandakı Ofisinin rəhbəri Denis Briborsia, ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herroro və AK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Alan Vaddams bildiriblər.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, indiki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bildirib. Partiya icra katibinin müavini Siyavuş Novruzov hələ ilin əvvəllərində jurnalistlərə hakim partiyanın namizədinin 97 faiz səs toplayacağını deyib.

Ana müxalifət hesab edilən müxalif Müsavat Partiyasının namizədi İsa Qəmbər isə aprelin əvvəllərində partiya gəncləri ilə görüşündə bildirib ki, seçkidə 25 faiz səs toplayan namizədlər siyasətdən getməyi düşünməlidirlər.

Digər müxalifət partiyalarından Demokrat, Böyük Quruluş , Ümid, Yaşıllar partiyaları seçkidə öz namizədi ilə iştirak edəcəklərini açıqlayıb.

Beynəlxalq təşkilatların qəbul etdiyi birgə bəyanatda qeyd olunub ki, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkilini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi hələ gec deyil və seçki prosesinin bütün iştirakçıları öz növbəsində bunun üçün ciddi səy göstərməlidir.

Dəstək proqramında göstərilib ki, seçki prosesinə cəlb olunmuş icra strukturları və iştirakçılarının bacarıq və müstəqilliyini gücləndirmək, bütün namizədlərin seçki kampaniyalarının müstəqil, qərəzsiz yayımını təmin edən media mühitinə öz töhvəsini vermək, toplaşma azadlığı hüququnun müvafiq tətbiqinə dəstək vermək, eləcə də ictimaiyyətin seçki prosesinə marağını artırmaq vacibdir.

Bununla bağlı keçirilən mətbuat konfransında Briborsia deyib ki, seçkiöncəsi teledebatların keçirilməsi, regionlarda maarifləndirmə işinin aparılması üçün təlimlərin keçirilməsi, yerli müşahidəçilərə yardımın edilməsi reallaşdırılacaq. Briborsia hesab edir ki, hüquq-mühafizə orqanları tərəfindən küçə yürüşlərinin həddən artıq məhdudlaşdırılmasının qarşısı alınmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti