...

Azərbaycan müxalifəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun sərtləşdirildiyini iddia edir

Siyasət Materials 6 May 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.Babayev/ "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər zamanı müxalifətin verdiyi təkliflərin heç biri nəzərə alınmayıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib.

"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihə Avropa Şurasının Venesiya Komissiyası və hakimiyyət tərəfindən hazırlanıb. Venesiya Komissiyası layihəyə müsbət rəy verib.

Layihənin müzakirələri zamanı Venesiya Komissiyası müxalifət partiyalarının təklifləri də dinlənilib. Müxalifət partiyaları təklif etmishdilər ki, kütləvi tədbirlərin keçirilməsi üçün icra hakimiyyəti orqanlarından icazə almaq məsələsi Qanundan çıxarılmalıdır.

Əlibəyli bildirib ki, müxalifət, əsasən, aksiyalara icra hakimiyyəti orqanları tərəfindən icazə verilməsi məsələsinin qanun layihəsindən çıxarılmasını istəyirdi. "Bu məsələ olduğu kimi saxlanılıb. Mən artıq layihə ilə tanış olmuşam. Qanuna heç bir əhəmiyyət kəsb etməyən dəyişikliklər edilib. Üstəlik, Qanun daha da sərtləşdirilib, polisə əlavə səlahiyyətlər verilib. Yəni polis istədiyi vaxt aksiyanı yarımçıq saxlaya bilər" - Əlibəyli əlavə edib.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə, Trend -a bildirib ki, müxalifətin təkliflərinin nəzərə alınmaması başadüşüləndir. Çünki bu təkliflər ölkədə özbaşınalıq yaratmağa xidmət edir. "Müxalifətin məntiqindən belə çıxır ki, istənilən yerdə aksiya keçirə bilərlər və bunun üçün heç kimdən icazə alınmamalıdır. Qanunun sərtləşdirilməsi barədə deyilənlər də doğru deyil. Əvvəllər hakimiyyət qurumlarının qarşısında aksiya keçirilməsi üçün 300 metr məsafə ayrılmışdı. İndii bu məsafə 200 m-ə endirilib" -Qurbanlı əlavə edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti