Azərbaycan, Bakı, 10 may / News , müxbir E.Babayev/ Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, prezidentliyə və millət vəkilliyinə namizədlərin təbliğat kampaniyası üçün nəzərdə tutulan Seçki Fondunun məbləği artırılıb. "Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra, prezidentliyə namizədlərə ayrılacaq məbləğin son həddi 10 milyon manat, millət vəkilliyinə namizədlər üçün isə, 500 min manat göstərilib" - şənbə günü Trend -a Məcəllənin son variantı ilə tanış olan deputat Zahid Oruc bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün, Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.
Azərbaycanın Seçki Məcəlləsinin əvvvəlki variantının 191-ci maddəsinə əsasən, dövlət büdcəsindən prezidentliyə namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayrılır və bu məbləğ şərti maliyyə vahidinin bir milyon mislindən çox olmamalıdır. Səslərin 3 faizindən azını toplayan namizədlər həmin məbləği sonra dövlət büdcəsinə geri qaytarmalıdırlar.
Azərbaycanda şərti maliyyə vahidinin (1,1 manat) bir milyon misli - 1, 1 mln. manat edir.
Millət vəkillərinə isə, şərti maliyyə vahidinin 75 min misli- 82,5 min manat ayrılırdı.
Prezident seçkisində öz namizədi ilə iştiraka qərar vermiş müxalifətçi Azərbaycan Demokrat Partiyasında (ADP) hesab edirlər ki, bu ilki seçki kampaniyasında hər bir namizədin normal seçki kampaniyasına ən azı yarım milyon manat sərf olunmalıdır.
Seçkidə öz namizədi ilə iştirak edəcək müxalifətçi Müsavat Partiyasından da bildiriblər ki, dövlət buliki seçki kampaniyasına ayrılacaq vəsaiti xeyli artırmalıdır. "Müsavat Partiyası təklif edir ki, hökumət namizədlərin seçki kampaniyasına yarım milyon manat ayırsın.
Amma bu məbləğ mütləq şəkildə verilməməli, sadəcə, təklif olunmalıdır, çünki həmin məbləği yalnız səslərin 3 faizindən çoxunu toplaya biləcəyinə əmin olan namizədlər qəbul edə bilərlər" -deyə Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı Trend -a açıqlamasında bildirib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər 2003-cü il prezident seçkisində də namizəd olmuşdu və Hacılının sözlərinə görə, o vaxt partiya seçki kampaniyasına 200-250 min dollar vəsait xərcləmişdi.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend -a açıqlamasında prezidentliyə namizədlərə ayrılacaq vəsaitin bir milyon manatadək artırılmasını təklif edir.
Oruc deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin mayın sonuna kimi parlamentə müzakirəyə çıxarılması gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]