Azərbaycan, Bakı, 14 may / Trend , müxbir S.Ağayeva/ Türkmənistan hökumətinin Bakıdakı nümayəndə heyəti ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana rəsmi səfəri ilə bağlı hazırlıq işləri aparır.
Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Vəhdət Sultanzadənin çərşənbə günü telefonla Aşqabaddan Trend a verdiyi məlumata görə, Türkmənistan rəhbərinin səfəri mayın 19-20-nə nəzərdə tutulub və hazırda iki ölkə ekspertləri səfər proqramı üzərində iş aparırlar.
Berdıməhəmmədovun Azərbaycana səfəri zamanı Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa Transxəzər qaz kəmərinin tikinti məsələsinin müzakirə olunacağı güman edilir.
Azərbaycan tərəfi ilə danışıqlarda əsas mövzulardan biri də Xəzərin hüquqi statusu məsələsi olacaq. İki ölkə arasında Xəzərin problemləri üzrə məsləhətləşmələr 90-cı illərin sonunda Azərbaycan və Türkmənistan arasında uzun müddət siyasi münasibətlərin soyuqlaşmasından sonra cari ilin əvvəlində qaydaya salınıb. Münasibətlərin soyuqlaşmasına səbəb Xəzər dənizində mübahisəli "Kəpəz" yatağı olub. İki ölkə arasında münasibətlər Türkmənistanın yeni prezidentinin seçilməsindən sonra bərpa olunub.
"Xəzər məsələsi" üzrə iki daha sərt opponentin aprel görüşü zamanı Azərbaycan və Türkmənistan öz mövqelərində yaxınlıq müşahidə olunub, lakin hazırkı konsensusa qədər hələ çox var.
Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair məsələ SSRİ-nin dağılmasından sonra yaranıb. 1991-ci ilədək bu məsələ sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında razılaşma əsasında müəyyən olunub. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya sualtı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsinə dair müqavilə bağlayıb, 2002-ci il may ayında isə bu müqavilə üzrə protokol imzalanıb. Analoji sənədləri 2001-ci ilin noyabr və 2003-cü ilin fevral aylarında Qazaxıstan və Azərbaycan da imzalayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]