Azərbaycan, Bakı, 16 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputatlar hesab edirlər ki, hakimiyyət iqtidarda olan partiya ilə müxalifəti təmsil edən partiyaların gərargahla təmin edilməsi məsələsində ayrıseçkiliyə yol verir. "Hakim Yeni Azərbaycan Partiyasının gərargahları rayon və icra hakimiyyətlərinin yerləşdiyi binalardan daha geniş və təmtəraqlıdır. Amma müxalifət partiyalarının əksəriyyətinin gərargahı yoxdur", - deyə Parlamentin cümə günü keçirilən iclasında müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib.
Azərbaycanda 50-dən artıq partiya dövlət qeydiyyatından keçib. Onlardan yalnız bir neçəsinə dövlət tərəfindən grargah verilib.
Müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, hakimiyyət tərəfindən müxalifətə mənfi münasibət var: "Belə münasibət yolverilməzdir. Parlament müxalifət partiyalarının üzləşdikləri problemlərin həllinə kömək etməlidir".
Parlamentin üzvü Siyavuş Noruzov isə bildirib ki, dövlət öz üzərinə siyasi partiyaları qərargahla təmin etmək öhdəliyi götürməyib. "Müxalifət binaların özəlləşdirilməsi zamanı binaları özəlləşdirmək yolu ilə qərargah kimi istifadə bilər", deyə o əlavə edib.