...

Azərbaycan müxalifət partiyasından prezidentliyə yeni namizəd müəyyənləşdirib

Siyasət Materials 7 İyun 2008 15:54 (UTC +04:00)
Azərbaycan müxalifət partiyasından prezidentliyə yeni namizəd müəyyənləşdirib

Azərbaycan, Bakı, 7 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) şənbə günü keçirilən qurultayında partiya sədri, deputat Qüdrət Həsənquliyevin prezidentliyə namizəd olması haqqında qərar qəbul olunub. "BAXCP mütləq oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək", -deyə Həsənquliyev bildirib.

Trend -un məlumatına görə, şənbə günün "Bakı" kinoteatrında BAXCP-nin ikinci qurultayı keçirilib. Qurultayda 65 rayon və şəhər təşkilatından seçilmiş 400 nümayəndədən 380 nəfəri iştirak edib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası təşkilatın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb. Müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, Yaşıllar Partiyasının həmsədri Mais Güləliyev prezidentliyə namizədliklərini irəli sürüblər. "Azadlıq" bloku seçkilərə qatılmaqdan imtina edib. Açıq Cəmiyyət Partiyası (ACP) mövqeyini dəqiqləşdirməyib.

Qurultay partiyanın prezident seçkisində iştirak etməsi haqda qərar qəbul edib. Başqa bir qərar görə, BAXCP prezident seçkisində digər müxalifət partiyaları ilə birgə və vahid namizədlə iştirak etməklə bağlı danışıqlar aparmalıdır.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Tədbirdə Qüdrət Həsənquliyev yenidən partiyanın sədri, Mikayıl Rəhimli Ali Məclisin sədri, Zöhrab Abdullayev baş katib, Elçin Mirzəbəyli beynəlxalq əlaqələr üzrə katib seçiliblər.

Qurultayda Dağlıq Qarabağ münaqişəsi, sosial-iqtisadi inkişaf və ictimai-siyasi vəziyyətlə bağlı qətnamələr qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti