Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) hesab edir ki, ölkə müxalifətinin birliyinin alınmaması subyektiv amillərlə bağlıdır. "Azərbaycan siyasəti kifayət qədər kirlənib. Mövcud müxalifət liderlərinin bir qismi pulla ələ alınıb, bir qismi qorxudulub, şantaj edilib, bir qismi isə, ciddi səhvlərə yol verib. Bu baxımdan birlik baş tutmur" - cümə günü Trend -a ADP Ali Şurasının üzvü Qurban Məmmədov deyib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Məmmədov onu da bildirib ki, müxalifətin birləşə bilməməsi seçkidə ciddi nəticə qazanılmamasına gətirib çıxaracaq.
Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İ nkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, hesab edir ki, müxalifətin birliyinin baş tutmaması daha çox obyektiv səbəblərlə bağlıdır. "Burada subyektiv amillər də var, amma həmin amillər azlıq təşkil edir. 2005-ci il parlament seçkilərindən sonra mövqe fərqliliyi yaranıb. Əslində, müxalifətin ardıcıl siyasi xətt yürüdən, hakimiyyətə qarşı real mübarizə aparan partiyaları "Azadlıq" blokunda birləşib. Məğlub olacaqlarını etiraf edə-edə seçkiyə getməyi məqbul sayan partiyalar da, demək olar ki, birləşiblər. Başqa mövqedə olanlar da ayrı-ayrı qurumlarda bir araya gəliblər və bu baxımdan, ümumi birliyin alınmaması siyasi, taktiki amillərlə izah olunmalıdır" - deyə blokun həmtəsisçisi Əliyev vurğulayıb.
Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq, keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək, özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]