...

Azərbaycan müxalifətini təmsil edən bir sıra partityaların hakimiyyətin mövqeyini dəstəkləməsi siyasi zəiflik əlamətidir - ekspertlər

Siyasət Materials 11 İyul 2008 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətini təmsil edən bir sıra partityaların hakimiyyətin mövqeyini dəstəkləməyə başlaması siyasi zəiflik əlamətidir. "Belə qüvvələr öz güczüzlüklərini dərk etdikləri üçün hakimiyyəti dəstəkləmək və bu yolla mövcudluqlarını saxlamaq istəyirlər", -deyə cümə günü Trend -a politoloq Zərdüşt Əlizadə bildirib.

Trend -un arayışı: Son iki il ərzində müxalifəti təmsil edən iki partiya --Vəhdət və Tərəqqi hakimiyyəti müdafiə etdikləri barədə bəyanatla çıxış ediblər. Onlar bu addımlarını, əsasən, hakimiyyətin həyata keçirdiyi siyasətin əksər məqamlarını qəbul etmələri ilə izah ediblər. Eyni zamanda, müxalifətin bir araya gələ bilməməsini, indiki müxalifətin perspektivinin olmamasını vurğulayıblar. Bəzi ekspertlər bu siyahının getdikcə genişlənəcəyi fikrindədir.

Əlizadə bildirib ki, müxalifəti tərk edənlərin gətirdikləri əsasları birmənalı şəkildə qəbul etmək olmaz. "Mənim fikrimcə, onlar daha çox həm də maddi maraq güdürlər. Əvvəllər müxalifətdə ola- ola yaşamaq mümkün idisə, indi bu o qədər də asan deyil. Buna görə də, bəzi müxalifətçilər hakimiyyətin yanında olmağı seçirlər və bu yolla həm də özlərini maddi baxımdan təmin edirlər" - deyə o əlavə edib.

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə, bildirib ki, bəzi müxalifət partiyaları siyasi gücünü itirdikləri üçün mövqelərini dəyişirlər. "O qüvvələr mövqelərini dəyişirlər ki, artıq onlar siyasi güclərini itiriblər. Maraqlarını təmin edə bilmir, müxalifəti tərk edirlər" - deyən Cəlaloğlunun fikrincə, siyasi gücünü itirən qüvvələrin öz mövqelərini dəyişməsi siyasi qanunauyğunluqdur. ADP sədri hesab edir ki, müxalifətin vəzifə əldə etmək üçün bu yolu seçməsi fikri doğru deyil. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyəti müdafiə edən partiyalar Məşvərət Məclisi adı altında 10 ilə yaxındır ki, fəaliyyə göstərirlər. "Onların heç biri hakimiyyətin bölünməsində iştirak etmir. Əksinə, onların içərisində elələri var ki, siyasi səhnədən silinmək üzrədirlər. İqtidar çox güclüdür və hansısa hakimiyyəti müdafiə etmək yolu tutuan siyasi gücünü itirən partiya, istər-istəməz, hakimiyyətin yanında olduqca kiçik görünməli olur" - deyə Cəlaloğlu bildirib.

Üç müxalif partiyasını (Vətəndaş və İnkişaf, Liberal, Xalq Cəbhəsi) partiyalarının təmsil olunduğu "Azadlıq" bloku da hesab edir ki, müxalifətçilərin öz siyasi mövqelərini dəyişməsi siyasi gücsüzlüyün əlamətidir. "Belə insanlar ömürlərinin şüurlu hissəsini müxalifətdə keçirməyə, mübarizəni davam etdirməyə dözümlü olmurlar. İndi Azərbaycanda müxalifətçilik etmək elə də asan məsələ deyil. Belə bir şəraitdə kimlərinsə müxalifətçilikdən bezməsi həm də təbii qarşılanmalıdır" -blokun həmtəsisçisi,Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevbildirib. Blok sədri müxalifəti tərk edənlərin sayının getdikcə artmasının nə dərəcədə gözlənilən olması barədə proqnoz verməyə çətinlik çəkib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti