...

Azərbaycan prezidenti seçkilərlə bağlı icra başçılarına xüsusi tapşırıqlar verib - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 5 Avqust 2008 17:11 (UTC +04:00)
Azərbaycan prezidenti seçkilərlə bağlı icra başçılarına xüsusi tapşırıqlar verib - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.Babayev/ Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədən sonra Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müzakirə olunan məsələlərlə bağlı Trend -a müsahibə verib

- Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə əsasən hansı məsələlər müzakirə olundu?

- Müşavirədə bu ilin 6 ayında sosial-iqtisadi inkişafın yekunları müzakirə olundu və qarşıda duran vəzifələr bir daha təhlil olundu. İqtisadi nəticə kimi o qeyd olunub ki, Azərbaycanın cari ilin 6 ayında ümumi daxili məhsulunun artımı 16, 5 faiz təşkil edib. Bunun təxminən 14 faizi sənaye məhsullarının,10 faizi isə, kənd təsərrüfatı məhsullarının payına düşür. Son 6 ayda inflyasiya 20 faiz təşkil edib. Əhalinin pul gəlirləri 32 faiz olub. Ölkə iqtisadiyyatına kapital qoyuluşu təxminən 4, 4 milyard dollar olub ki, bunun da 3,1 milyardı daxili sərmayələr olub. Özəl sektorun inkişafı ümumi daxili məhsulda 84 faiz təşkil edib. Bu, prezident tərəfindən yaxşı nəticə kimi dəyərləndirildi, Azərbaycanın bugünkü dinamik inkişafının göstəricisi kimi qiymətləndirildi. Prezident müşavirədə qarşıda duran vəzifələrdən də danışdı. Növbəti 6 ay üçün prioritet vəzifələr müəyyən olundu. İlk növbədə, prezident tərəfindən inflyasiyanın qarşısının alınması üçün əməli tədbirlərin davam etdirilməsi barədə göstəriş verildi. İnflyasiyanın obyektiv və subyektiv səbəbləri bəlli olsa da, əhalini və dövləti inflyasiyadan qorumaq üçün ciddi tədbirlər görməliyik. Baxmayaraq ki, əhalinin pul gəlirləri inflyasiyadan yüksəkdir, inflyasiya bizi narahat etməyə bilməz və bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Bundan başqa, minimum təqaüd və əmək haqlarının artırılması ilə bağlı tapşırıq verildi. Yaxın günlərdə minimum təqaüd və əmək haqları artırılacaq. Müşavirədə bildirildi ki, böləgələrin inkişafı ilə bağlı proqram davam etdiriləcək, infrastruktur, sosial layihələr, rayonların qazlaşdırılması, su təminatı, məktəblərin, xəstəxanaların inşası davam etdiriləcək. Azərbaycanın miqrasiya siyasəti dəgücləndirilməlidir. Son illər Azərbaycana iş dalınca gələn əcnəbilərin burada yaşaması, fəaliyyəti istiqamətində ciddi iş aparılmalıdır. Sonra prezident təhlükəsizlik məsələlərinə toxunub. Bilirsiniz ki, Azərbaycanda enerji təhlükəsizliyi təmin olunub. Həm ölkədaxili, həm də Azərbaycanın enerji qaynaqlarının xarici bazarlara çıxarılması, satışı və digər məsələlər həll edilib. Nəqliyyat təhlükəsizliyi də təmin olunmaq üzrədir. Xüsusən, Bakı -Tbilisi - Qars dəmir yolunun işə salınması və başqa layihələr Azərbaycanın nəqliyyat təhlükəsizliyini təmin edir. Qalır Azərbaycanda informasiya, ərzaq və ekoloji təhlükəsizlik və bu sahədən olan digər məsələlər. Bu məsələlərlə bağlı prezident ciddi vəzifələr qoydu. Xüsusilə, ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatının inkişafına yönəldilmiş investisiya proqramları davam etdirilməlidir, kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülməlidir. Dövlətin xarici və daxili investisiya siyasəti fəallaşdırılmalıdır. Həm daxildə, həm də xaricdə Azərbaycan hökumətinin investisiya siyasətinin istiqamətləri, hansı sahələrə sərmayələr qoyulmalıdır və onlar necə idarə olunmalıdır, dövlətə hansı gəlirləri gətirməlidir, daxili təşviq siyasəti necə qurulmalıdır kimi məsələlər ətrafında da prezident müvafiq qurumlar qarşısında ciddi vəzifələr qoydu. Azərbaycana döst olan ölkələrdə kapital yatırımı şərtlərinin müəyyən olunması, öyrənilməsi və təkliflərin verilməsi, Azərbaycanın daxilində hansı sahəyə kapital qoyuluşunun təşviq edilməsi və dövlətin bu sahədə iştirakı məsələləri tapşırıldı. Eyni zamanda, dövlət başçısı maliyyə nizam-intizamının yaradılması , gücləndirilməsi ilə bağlı ciddi tapşırıqları oldu. Büdcə artımı şəraitində maliyyə intizamı, dövlət idarə və müəssisələrində vəsaitin sərf olunması və nəzarətin gücləndirilməsi məsələsi qoyuldu.

- Müşavirədə qarşıdakı prezident seçkisinə toxunuldumu?

- Müşavirənin sonunda prezident bütün yerli icra hakimiyyətlərinə müraciət etdi. Prezident bildirdi ki, seçki kampaniyası başlayır və onun namizədliyi növbəti dəfə irəli sürülüb. Ona görə də, prezidentin müxtəlif yerlərə asılmış bütün rəsmləri və portretləri rayonlardan yığışdırılsın. Prezident bunu belə izah etdi ki, bu, seçki kampaniyası dövründə namizədlərin bərabər şəraitdə təbliğ olunması məqsədilə edilməlidir. Digər tərəfdən, prezident qeyd etdi ki, mən ümumiyyətlə, portret siyasətinin əleyhinəyəm. İstəyirəm ki, əməli fəaliyyətimlə insanların yaddaşında, qəlbində qalım. Ona görə də, portretlərin yığışdırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və müvafiq yerli icra hakimiyyəti orqanlarına tapşırıq verdi.

-Seçki ilə bağlı prezidentin digər tapşırıqları oldumu?

- Prezident qeyd etdi ki, Azərbaycanda seçkilərlə bağlı dövlət qurumlarının hamısına tapşırıqlar verilib. Seçki Qanunvericiliyinə ciddi əməl olunmalıdır, tam şəffaf, ədalətli, bərabər seçki keçirilməlidir. Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır. Onların görüşlərinin keçirilməsi, təbliğatı üçün hər cür imkan mövcud olmalıdır. Prezident bildirdi ki, xarici müşahidəçiləri dəvət etmişik ki, bütün məntəqələr üzrə müşahidələrini aparsınlar və seçkini dəyərləndirsinlər. Biz tam demokratik, ədalətli seçki tərəfdarıyıq və bunun keçirilməsi üçün bütün imkanlardan istifadə olunacaq.

- Hökumət regionların inkişafı ilə bağlı 2008-2013-cü illəri əhatə edəcək növbəti Dövlət Proqramı hazırlayır. Bu Proqramla bağlı müşavirədə müzakirələr oldumu?

- Bəli, prezident Proqram haqqında danışdı və qeyd etdi ki, regionların inkişafı proqramları davam etdirilməlidir. Keçən 5 il üçün bu Proqram, demək olar ki, yekunlaşıb. Lakin biz bununla kifayətlənməyəcəyik və növbəti 5 il üçün regionların inkişafı ilə bağlı Proqramlar hazırlanıb. Həmin Proqramlar bu il ərzində qəbul olunacaq. Bundan başqa, ərzaq təhlükəsizliyi ilə bağlı xüsusi Dövlət Proqramı hazırlanır. Prezident bu Proqramın, eləcə də daxili və xarici investisiya siyasəti ilə bağlı hazırlanan Dövlət Proqramının qəbulu ilə bağlı məsələlərə dətoxundu. Prezident seçiləcəyi təqdirdə, İlham Əliyev növbəti 5 il üçün regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramları həyata keçirəcək.

-Belə fikirlər var ki, Azərbaycanın mövcud sürətli inkişafı əhalinin müəyyən təbəqəsinin yaşayış səviyyəsinə adekvat deyil. Bu baxımdan, əhalinin sosial müdafiəsi ilə bağlı siyasətin gücləndirməsi nəzərdə tutulurmu?

- Müşavirədə bu məsələ ətrafında xüsusi müzakirə oldu. Cənab prezident çıxışında qeyd etdi ki, inflyasiya məvaciblə yaşayan insanlara, təqaüdçülərə təsir göstərir. İnflyasiyaya qarşı mübarizə aparmaqla yanaşı, minimum təqaüd və əmək haqqının qaldırılması, yaşayış minimumuna yaxınlaşdırılması istiqamətində işlər aparılacaq. Hazırda Azərbaycanda təxminən 467 min insan sosial yardım alır. Bu təxminən 100 min ailəni əhatə edir. Sosial yardımların gücləndirilməsi, bu sahədə işin təkmilləşdirilməsi, dövlət siyasətinin gücləndirilməsi və digər addımların atılması, yoxsulluğun mövcud olan 16 faizdən daha da aşağı endirilməsi bir vəzifə olaraq qarşıya qoyuldu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti