...

İranda təsdiq olunmuş "Ailəyə dəstək layihəsi"ndə hələ də mübahisəli məsələlər var – Mütərəqqi Qadınlar Təşkilatının sədri

Siyasət Materials 11 Sentyabr 2008 18:58 (UTC +04:00)

Mütərəqqi Qadınlar Təşkilatının (Progressive Women Organization) sədri Zəhra İrfaninin Trend üçün eksklüziv məqaləsi

"Ailəyə dəstək layihəsi" ilə bağlı bəzi ekspertlərin, hüquq müdafiəçiləri və qadın təşkilatlarının narahatlığı və etirazları sonunda nəticə verdi, bu layihənin 23 və 25-ci maddələri ləğv, 53-cü maddəsinə isə düzəliş edildi. "Ailəyə dəstək layihəsi"nin 23-cü maddəsi iranlı kişilərə iqtisadi vəziyyəti yaxşı olduğu halda və qadınlar (həyat yoldaşları) arasında ədalətli davranmaq şərtilə məhkəmənin icazəsi ilə ikinci dəfə evlənmə haqqı verirdi. Layihənin 25-ci maddəsində "mehriyə"nin (başlıq parası) tətbiq olunması qeyd olunub və bu maddəyə əsasən, nikah qurularkən mehriyənin məbləğinə uyğun vergi ödənməli idi.

İran parlamentinin hüquq komissiyası hökumət tərəfindən təklif olunmuş bu iki maddənin layihədən çıxarılması üçün səs verdi və layihə Ədliyyə Nazirliyi tərəfindən təklif olunduğu kimi müzakirəyə təqdim olundu. "Qadınların və ziyalı təbəqənin narahatlığını nəzərə alaraq, parlamentin tələbi ilə hüquq komissiyası bu layihəni yenidən diqqətlə araşdırdı və müzakirələrdən sonra 23 və 25-ci maddələrin çıxarılmasına və 53-cü maddəyə düzəliş edilməsinə qərar verdi", - deyə İran parlamentinin hüquq komissiyasının sözçüsü Əmir Hüseyn Rəhimi bildirib.

Layihənin 53-cü maddəsinə düzəliş edilməklə, 1974-cü ildə təsdiq olunmuş şəkildə, kişiyə ikinci qadınla evlənmək üçün birinci arvadındın icazə alması şərti qoyuldu. Bu iki qalmaqallı maddənin layihədən çıxarılması qadınlar üçün böyük sevincə səbəb oldu. Qadın hüquq müdafiəçiləri bu iki maddənin çıxarılması üçün parlamentə çox müracitələr etmişdilər. Parlamentin hüquq komissiyasının üzvu Musa Qurbani müraciətlərə cavab olaraq layihənin müzakirəsi zamanı onların rəylərinin nəzərə alınacağını bildirmişdi.

Lakin bu iki maddənin layihədən çıxarılması qadınların bütün tələblərinin tam təmin edilməsi demək deyil. Çünki layihədə hələ çox sayda mübahisəli məqamlar və problemlər var. Hüquqşünas Şadi Sədr bildirib ki, 23 və 25-ci maddələrin layihədən çıxarılmasını qadınların etiraz səslərinin eşidilməsi kimi dəyərləndirmək olar. Baxmayaraq ki, bu iki maddənin layihədən çıxarılması qadınların böyük istəyi idi, bununla bklə, layihədə hələ 15-ə yaxın problem mövcuddur və bunları unutmaq olmaz. İctimai xarakterli və ayrı seçkilik yaradan maddələrə düzəlişlər edilməyənə qədər layihənin qadınların tələblərini tam əks etdirdiyini demək olmaz.

Layihədə narazılıq doğuran məsələlərdən biri budur ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi layihədə ailə məhkəmələrində bir qadın hakimin iştirak etməsi ilə bağlı məsələdir. Belə ki, layihədə "gərək bir qadın hakim iştirak etsin" qeyd olunub, lakin yeni layihədə "gərək" sözünun əvəzinə "imkan olsa" sözü işlədilib.

Eləcə də bu layihəyə əsasən, qanunların icra təzminatı pul ödəməklə həll oluna bilər. Əvvəllər isə qanunların icra təzminatı üçün həbs və ya digər təzminatlar tətbiq edilirdi. Hazırda məsələn, nikahın rəsmi qeydiyyatının aparılmaması və valideynlərin qəyyumluğunda olan uşaqlarla görüşmək məsələsi də pul ödəməklə həll olunur. Əgər övladın qəyyumluğu atanın üzərində olarsa o, 50 min tümən cərimə ödəməklə övladın ana ilə görüşməsinə icazə verməyə bilər.

İranlı qadınların İran vətəndaşı olmayanlarla nikaha girməsi yeni layihədən qabaq da qadağan idi, hazırda da bu qadağa qalır. İranlı qadınlar əgər dövlətin icazəsi olmadan digər ölkə vətəndaşı ilə ailə qurarsa, bu nikahı rəsmən qeydiyyatdan keçirə bilməz və belə olduqda uşaqlar şəxsiyyət vəsiqəsi ala bilmirlər. Yeni təqdim olunmuş layihədə belə qadınların cəzası daha da ağırlaşdırılıb, belə ki, əgər qadın öz istəyi ilə (müsəlman olmayan) digər ölkə vətəndaşı ilə ailə qurarsa, həm özü və həm də atası cəzalandırılacaq.

Konsitusiyanın qadın və ailə məsələlərinə aid olan 21-ci maddəsi 5 bənddən ibarətdir. Bu layihədə həmin beş bənddən dördü nəzərə alınmayıb, yalnız ədalətli məhkəmələr haqda olan bir bənd xatırlanıb. Konsitusiyanın 21-ci maddəsinin digər 4 bəndi də qadınların hüquqları baxımından faydalıdır və layihədə nəzərə alınmalı idi.

Layihədə uşaqların qəyyumluğu, dul qadınların vəziyyəti və işlə təmin edilmələri və digər buk imi məsələlər diqqətdən kənar qalıb.

Layihənin 25-ci maddəsi ilə bağlı, yəni mehriyəyə görə vergi ödəmək haqda demək olar ki, bu maddənin təsdiq olması mehriyələrin azalmasına səbəb olmayacaq. Ona görə ki, qadınlar vergilərə görə öz mehriyələrini daha da artıracaqlar. Bundan başqa bu verginin kimin tərəfindən ödəniləcəyi sual doğurur. Digər tərəfdən, mehriyə ödəniləcək bir məbləğ olmasına baxmayaraq, elə qadınlar var ki, ömürlərinin sonuna kimi öz mehriyələrini almır.

Bu maddələrin layihədən çıxarılması ilə layihə ilə bağlı bir çox tənqidi fikirlər ortadan qalxır, amma buna baxmayaraq, fikrimcə, yenə də anlaşılmaz və mübahisəli məqamlar mövcuddur: o cümlədən, övladların qəyyumluğu, qadın və kişinin vəzifələrinin bərabər bölgüsü kimi məsələlər.

Ümumiyyətlə isə, qadınların hüquqlarının tapdalandığı və kişilərin bir neçə qadınla evlənməsinin icazə verilən, qadınların boşanmaq tələb etmək haqqı olmayan bir mühitdə hansı "ailəyə dəstək layihəsi"ndən danışmaq olar?

Məqalə müəllifinin mövqeyi Trend -un mövqeyini əks etdirmir.

Xəbər lenti

Xəbər lenti