Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir E.Tariverdiyeva/ Rusiya ilə münaqişə Gürcüstanın Şimali Atlantika Alyansına qəbulunu sürətləndirə bilər, lakin çətin ki, bu barədə qərar "NATO-Gürcüstan" komissiyasının qarşıdan gələn iclasında qəbul edilsin.
"NATO-Gürcüstan" komissiyasının iclası sentyabrın 15-16-na planlaşdırılıb. Bunun üçün bazar ertəsi Gürcüstana Şimali Atlantika Alyansının üzvləri və NATO-nun Baş katibi Yap de Hoop Sheffer gələcək.
Müşahidəçilər əmin deyillər ki, iclasda hər hansı qərar qəbul edilsin, lakin onların fikrincə, Gürcüstan və NATO-nun münasibətlərinə ciddi surətdə yenidən baxılacaq.
Gürcüstanlı politoloq İrakli Menaqarişvili hesab edir ki, Şimali Atlantika Alyansı Şurasının iclasında NATO-Gürcüstan münasibətlərində yeni mərhələ başlayır. Onun fikrincə, görüşün gedişində Şimali Atlantika Alyansının fövqəladə iclasında NATO-Gürcüstan komissiyasının yaradılması barədə qəbul edilmiş qərar müzakirə ediləcək.
Gürcüstan və Rüsiya arasında hərbi münaqişə ilə bağlı avqustun sonunda Brüsseldə çağırılmış fövqəladə iclasda, NATO ölkələrinin xarici işlər nazirləri Tbilisini dəstəklədiklərini bildiriblər. İclasın yekunları üzrə qəbul edilmiş bəyanatda Şimali Atlantika Alyansı tərəfindən Gürcüstanın ərazi bürövlüyünün dəstəklənməsi və Rusiya qoşunlarının tezliklə Gürcüstan torpaqlarından çıxarılması qeyd olunub.
Həmin iclasda NATO və Gürcüstan arasında əməkdaşlıq üzrə komissiyanın yaradılması barədə qərar elan edilib.
Həftənin əvvəlində baş tutacaq iclasda ola bilsin ki, NATO-Gürcüstan komissiyasının əməli işləri məsələsinə baxılsın, lakin çətin ki, Gürcüstanın Alyansa tezliklə qəbul edilməsi haqqında qərar qəbul edilsin.
"Çox güman ki, iclasdan sonra bu komissiya əməli işə başlayacaq", - Menaqarişvili bildirib.
NATO-nun Gürcüstanla münasibətlərindəki məsələdə qeyri-müəyyənlik onunla bağlıdır ki, Alyansda bu ölkə ilə münasibətdə vahid xətt yoxdur.
Alyansın Gürcüstan üzrə mövqeyindəki müxtəliflikdən və Tbilisidə "NATO-Gürcüstan" komissiyasının iclasında bunun özünü biruzə verməsi mümkünlüyündən danışan Rusiya və MDB ölkələri üzrə Proqramlar Mərkəzinin direktoru Aleksandr Rar Trend -a bildirib ki, Şimali Alyansın özündə bu barədə müxtəlif fikirlər var.
Aİ-Rusiya Forumunun kooordinatoru və xarici siyasət üzrə Almaniya Şurasının eksperti Rarın fikrincə, ola bilsin ki, tarixən onlarda yığılmış qorxu baxımından NATO-nun Baltikyanı ölkələr kimi yeni üzvləri NATO daxilindəki müxalifətin əleyhinə çıxış etməyə cəhd etsin.
Lakin onun fikrincə, eyni zamanda Rusiya ilə 90-cı illərdə yaradılmış və 2008-ci il avqustun 8-dək intensiv davam etmiş tərəfdaşlıq, yaxşı iqtisadi və ya sadəcə olaraq etibarlı münasibətləri qurban vermək istəməyən Almaniya, Fransa, İspaniya kimi NATO üzvlərinin daha yumşaq mövqeyi də mövcuddur.
Bundan çıxış edərək, Rarın fikrincə, Alyansın Gürcüstanda hansı qərar qəbul edəcəyini və ya ümumiyyətlə qəbul edəcəyini əvvəlcədən demək çətindir.
Lakin rusiyalı ekspert əmindir ki, bir müddət sonra Gürcüstan NATO-ya daxil olmasını sürətləndirmək üçün Rusiya ilə münaqişədən istifadə edəcək.
"Mənə elə gəlir ki, Gürcüstan rəhbərliyi NATO-ya daxil olma prosesini sürətləndirmək, Şimali Alyans strukturları tərəfindən başa düşülmək üçün əlavə dəlillər əldə edib", - Keçmiş Sovet İttifaqı məkanında ictimai-siyasi proseslərin araşdırılması üzrə Rusiya informasiya-analitik mərkəzinin direktoru Aleksey Vlasov deyib, - RİA Novosti informasiya agentliyi xəbər verib.
Məqalənin hazırlanmasında R.Ağayev (Moskva), N.Kirtsxaliya (Tbilisi) iştirak ediblər.