Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir E.Abbaslı/ Azərbaycanın müxalifət Demokrat Partiyasının (ADP) sədri hesab edir ki, yeni blokun yaradılması üçün Müsavat Partiyası ilə mövqeləri üst-üstə düşür.
"Hər iki partiya yaxın dövrlərdə bu mövqenin reallaşdırılması istiqamətində müzakirələrə başlayacaq", cümə axşamı Trend -a ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Trend-News-un arayışı: Azərbaycan müxalifətini təmsil edən Demokrat Partiyasının sədri Cəlaloğlu müxalifət partiyalarının 2010-cu il parlament seçkiləri ilə bağlı blok yaratması təklifi ilə çıxış edib.
Seçkidə iştirak etməyən ADP 5 müxalifət partiyasının yaratdığı əməkdaşlıq mərkəzinə qatılmaqdan imtina edib.
Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.
Cəlaloğlu deyib ki, müxalifət blokunda bütün partiyaların təmsil olunması vacib deyil.
"Mənim istəyim əsas aparıcı partiyaların prezident seçkisindən dərhal sonra uzunmüddətli strategiyaya hesablanmış blokunun formalaşmasına nail olmaqdır", - Cəlaloğlu bildirib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı isə Trend -a deyib ki, onlar demokratik qüvvələrin inteqrasiyasının tərəfdarıdır. "ADP ilə bir blokda təmsil olunmaq üçün siyasi mövqelər üst-üstə düşməlidir. Demokratlarla müsavatçıların seçki ilə bağlı mövqelərində fərqli fikirlər var. ADP-nin mövqeyində dəyişiklik olsa, bir blokda təmsil olunmağımız barədə müzakirələr aparmaq olar", - Hacıyev əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]