...

Son on ildə Azərbaycan paytaxtının valyutadəyişmə məntəqələrinə silahlı basqın edən dəstə zərərsizləşdirilib

Siyasət Materials 1 Oktyabr 2008 17:47 (UTC +04:00)
Son on ildə Azərbaycan paytaxtının valyutadəyişmə məntəqələrinə silahlı basqın edən dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 01 oktaybr / Trend , müxbir C.Babayeva/ Son on ildə Bakıda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinə, habelə orada işləyən şəxslərə qarşı odlu silahla hədə -qorxu gəlməklə, külli miqdarda əmlak əldə etmək məqsədilə, çoxlu sayda quldurluq cinayəti törədən dəstə zərərsizləşdirilib.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun çərşənbə günü Trend - a daxil olan birgə məlumatında bildirilib ki, dünən həyata keçirilmiş kompleks əməliyyat - axtarış tədbirləri nəticəsində, paytaxtın 20 - dən artıq valyutadəyişmə məntəqəsinə basqın edən cinayətkar dəstə zərərsizləşdirilib.

Tutulanlar-Bakı şəhər sakinləri - 1962- ci il təvəllüdlü, DİN Yasamal rayon polis idarəsində, Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsində, Nərimanov rayon polis idarəsinin 18 - ci polis bölməsinin rəisi və Yasamal rayon polis idarəsinin cinayət - axtarış şöbəsinin rəis müavini vəzifəsində işləmiş, 1997- ci ildə öz xahişi ilə işdən azad olunmuş Mehdi Əmirəliyev, 1964 - cü il təvəllüdlü, DİN Şuşa şəhər şöbəsində və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, 1994 - cü ildə polis orqanlarından xaric olunmuş İrac Nəsrullayev və 1971- ci il təvəllüdlü Ceyhun Qarayev şübhəli şəxs qismində saxlanılıb, onların üzərindən 1 ədəd "TT" markalı tapança aşkar olunaraq götürülüb. Mehdi Əmirəliyev, İrac Nəsrullayev və Ceyhun Qarayev istintaqa verdikləri ifadələrində 1998 - ci ildən etibarən Bakı şəhərinin müxtəlif ərazilərində, "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrində işləyən ayrı - ayrı şəxslərə qarşı 20 - dən artıq silahlı basqın törətdiklərini və onların külli miqdarda pullarını mənimsədiklərini etiraf ediblər. Eyni zamanda, İrac Nəsrullayev və Mehdi Əmirəliyev törətdikləri hadisələrin təfərrüatları barədə verdikləri ifadələrində hüquq- mühafizə orqanlarında işləyərkən topladıqları təcrübə əsasında qanunsuz olaraq müəyyənetmə və məxfi müşahidə tədbirləri keçirdiklərini də bildiriblər.

1998-2008 - ci illər ərzində Bakı şəhərində fəaliyyət göstərən ayrı - ayrı valyutadəyişmə məntəqələrinə, habelə orada işləyən şəxslərə qarşı odlu silahla hədə - qorxu gəlməklə külli miqdarda əmlak əldə etmək məqsədilə, çoxlu sayda quldurluq cinayəti törədilib. Bu ağır və xüsusilə ağır cinayət hadisələri cəmiyyətdə geniş rezonans doğurub, onları törətmiş şəxslərin müəyyən edilərək ifşa olunmaması ölkədə mövcud kriminogen vəziyyətə mənfi təsir göstərməklə, gələcəkdə də bu cür cinayətlərin törədilməsinə şərait yaradıb. Həmin cinayət faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 və 181.3.2- ci (quldurluq) maddələri ilə cinayət işləri başlanılıb, lakin görülmüş istintaq - əməliyyat tədbirlərinə baxmayaraq, onların açılmasını təmin etmək mümkün olmayıb.

Həmin cinayət hadisələrinin açılmasının təmin edilməsi məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə 26 avqust 2008 - ci il tarixdə müvafiq əməliyyat tapşırıqları verilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti