...

Azərbaycan və Gürcüstanın siyasi partiyaları birgə etiraz aksiyaları keçirəcəklər

Siyasət Materials 2 Oktyabr 2008 12:11 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan və Gürcüstanın Yaşıllar partiyaları hər iki ölkə ərazisində nüvə reaktorlarının tikintisinə etiraz olaraq birgə aksiyalar keçirəcəklər.

"Birgə aksiyaların təşkili ilə bağlı artıq Gürcüstan Yaşıllar Partiyasının nümayəndələri ilə müzakirələr aparılıb. Birgə tədbirlərin planı hazırlıq mərhələsindədir", - deyə Azərbaycanın Yaşıllar Partiyasının (AYP) həmsədri Mais Güləliyev cümə axşamı Trend -a bildirib.

Trend -un arayışı: BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) ötən il dekabrın ortalarında Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisinə rəsmən icazə verib. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti də razılığını verib. Azərbaycanda bu obyektin tikintisinin 2009-cu ildə başlanması və 2013-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Güləliyevin fikrincə, Azərbaycana nüvə reaktoru qətiyyən lazım deyil. "Həmin reaktorun Bakıdan çox da uzaq olmayan yerdə tikilməsi nəzərədə tutulub. Azərbaycanın 20-25 il enerji təhlükəsizliyini təmin etməsi üçün kifayət qədər yeraltı enerji sərvəti var. Həmçinin Azərbaycanın külək və günəş enerjisindən alternativ enerji kimi istifadə etməsi üçün geniş imkanları var", - deyə AYP həmsədri bildirib.

AYP həmsədri hesab edir ki, nüvə reaktorunun təhlükəsizliyi üçün Azərbaycanda elmi-texniki sahə kifayət qədər ixtisaslı kadrlar yetişdirmir. "Reaktoru işlətmək üçün Azərbaycanın uran ehtiyatı yoxdur. Uranı digər ölkələrdən alaraq Azərbaycan onlardan asılı vəziyyətə düşəcək. Dünyada uran ehtiyatı cəmi 30 ilə kifayət edər. Belə enerjidən istiafdə etmək üçün külli miqdarda vəsait sərf etməyin və Bakı əhalisi üçün təhlükə yaratmağın heç bir əsası yoxdur", - deyə Güləliyev bildirib.

Onun sözlərinə görə, Gürcüstanda nüvə reaktorunun Azərbaycan sərhədinə yaxın ərazidə tikilməsi nəzərdə tutulub. "Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra etiraz aksiyalarına start veriləcək. Aksiyalar həm Gürcüstanının Yaşıllar Partiyası ilə birgə, həm də ayrı-ayrılıqda keçiriləcək", - deyə Güləliyev bildirib.

Trend -un arayışı: Azərbaycanın Yaşıllar Partiyası 2006-ci ildə yaradılıb. Partiyanın dövlət qeydiyyatı yoxdur.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti