...

Azərbaycan prezidenti süd zavodunun açılışında iştirak edib

Siyasət Materials 7 Oktyabr 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir/ Prezident İlham Əliyev  çərşənbə axşamıBiləsuvar AQRO MMC-nin süd zavodu ilə tanış olub. Prezident İlham Əliyev südün qəbulu sexində zavodun işə düşməsini bildirən düyməni basıb, müəssisənin istehsal sahələri ilə tanış olub.

İnşasına 2007-ci ildə başlanmış zavodda bu ilin sentyabrında tikinti - quraşdırma işləri tamamlanıb. Zavodda Almaniya, Polşa, Türkiyə, ABŞ və digər ölkələrdən alınmış avadanlıq quraşdırılıb.
İstehsal prosesi üçün lazım olan su süni göldən götürülür və ABŞ-dan gətirilmiş mükəmməl qurğuda təmizlənir.

Regionda analoqu olmayan bu müəssisənin işə düşməsi ilə daxili tələbat tam ödəniləcək, eyni zamanda, Azərbaycan quru süd kimi mühüm məhsul ixrac edən ölkəyə çevriləcək. Artıq Gürcüstan və bir sıra digər ölkələrdən sifarişlər alınıb. Zavodda süddən 72 və 82 faizlik kərə yağı alınır, qalan kütlədən  mükəmməl texnologiya əsasında yağsız və 25 faiz yağlılığı olan quru süd istehsal edilir.
Hazırda zavodda bir növbədə 70 nəfər çalışır. Tədricən onların sayı artacaq və üç növbədə işləyəcəklər. İlk vaxtlar Biləsuvardan və ətraf rayonlardan əhalidən 50 - 60 ton südün qəbul edilməsi nəzərdə tutulub.

Zavod heyvandarlığın və əkinçiliyin inkişafına da müsbət təsir göstərəcək. Bunun hesabına 500 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Müəssisənin rəhbərliyi Hollandiyadan 500 - dək xüsusi cins inək gətirməyi də planlaşdırır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti