Azərbayan, Bakı, 15 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası(YAP) prezident seçkisində səsvermə prosesi zamanı hər hansı ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib. "Seçki prosesini YAP tərəfindən izləyən müşahidəçilərin verdiyi məlumatlara görə, səsvermə prosesində hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb", - bu barədə çərşənbə günü hakim partiyanın mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, normal iş şəraitində fəaliyyətlərini davam etdirən seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur.
"Bəzi prezidentliyə namizədlərin seçki qərargahlarının gün ərzində yaydıqları məlumatlarda səsvermə prosesinin şəffaflığını şübhə altına almaq niyyəti güdən informasiyalar yayılıb. Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin seçki qərargahının gün ərzində bəzi məntəqə seçki komissiyalarının fəaliyyətində yol verilmiş qanun pozuntusu və "seçki saxtakarlıqları" barədə yaydığı informasiyalar öz təsdiqini tapmayıb", -deyə məlumatda bldirilib.
YAP - dan verilən məlumata görə, Ümid Partiyasının 98 saylı Şəmkir seçki dairəsinin 2 saylı seçki məntəqəsində ciddi qanun pozuntusunun baş verməsi barədə yaydığı informasiya sözügedən məntəqə seçki komissiyasında Ümid Partiyasını təmsil edən katib Rüstəmova Xalidə Yunis qızı tərəfindən təkzib edilib: "Növbəti, əsası olmayan informasiya isə, 67 saylı Cəlilabad seçki dairəsinin 11 saylı seçki məntəqəsində prezidentliyə namizəd İqbal Ağazadənin müşahidəçisinə təzyiq göstərilməsi ilə bağlıdır. Səsvermə prosesini izləyən müşahidəçilərin verdiyi məlumata görə, həmin məntəqədə, ümumiyyətlə, prezidentliyə namizəd İqbal Ağazadənin müşahidəçisi və ya hər hansı bir nümayəndəsi olmayıb. Yayılmış informasiya həmin məntəqədə səsvermə prosesini izlələyən ATƏT-in müşahidəçisi tərəfindən də təəccüblə qarşılanıb".
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]