Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Litva Azərbaycanda keçirilən prezident seçkisini müsbət qiymətləndirir, - Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas çərşənbə günü telefonla Trend -a bildirib.
Bu gün Azərbaycan prezidenti seçkisi keçirilir.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Litvanın Azərbaycandakı nümayəndələri Quba - Dəvəçi və Salyan rayonlarında seçkiləri izləyiblər.
"Günün birinci yarısınadək Quba - Dəvəçi rayonunda əhalinin 45 faizdən çoxu səs verib. Fəallıq hətta bir müddət əvvəl Litvada keçirilən seçkilərdən yüksəkdir", - səfir bildirib.
Onun sözlərinə görə, seçicilər razıdırlar, pozuntu aşkar edilməyib. Seçki beynəlxalq standartlara riayət edilməklə mütəşəkkil keçir, - Kudzmanas bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]