Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda keçirilən prezident seçkisində müxalif Böyük Quruluş Partiyasının (BQP) namizədi olan partiyanın başqanı Fazil Qəzənfəroğlu seçkidə namizədləri ilə iştirak edən bir neçə partiyanın bir blokda birləşməsini istisna etmir.
"Siyasi mübarizədə korporativ maraqlar ilk növbədə önə çəkilir və hər bir partiyanın marağına uyğundursa, hansısa blokda birləşə bilər" - şənbə günü Trend - a prezidentliyə keçmiş namizəd Qəzənfəroğlu bildirib.
Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.
İqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.
Qəzənfəroğlunun fikrincə, konkret situasiyada, ehtiyac olarsa, fayda verərsə, seçkidə iştirak edən partiyaların blokunun yaradılmasından imtina edilməməlidir.
"İndidən bunu söyləmək çətindir. Çünki seçkidə iştirak edən namizədlərin də həyata baxışı, ümumiyyətlə, Azərbaycanın problemlərinə münasibətləri fərqlidirlər. Ona görə, hesab etmirəm ki, məsələn, mənimlə İqbal Ağazadənin, yaxud Qüdrət Həsənquliyevin dünyagörüşü üst - üstə düşür", - BQP başqanı deyib.
Prezidentliyə keçmiş namizədin sözlərinə görə, sadəcə, müəyyən taktiki variantlarda ortaq bir mövqe ifadə etmək olar.
"Belə vəziyyət yaranarsa, biz əməkdaşlığa daha meylli addımlar atmağa çalışacağıq", - Qəzənfəroğlu vurğulayıb.
Prezidentliyə keçmiş namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə isə, Trend - a hər hansı siyasi təşkilatla hansısa blokda birləşmək niyyətində olmadıqlarını bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bu məsələnin müzakirədən sonra həll olunmasını mümkün hesab edir.
"Hazırda bu istiqamətdə heç bir müzakirə aparılmır. Seçkilərə qatılan, siyasi platforması üst - üstə düşən, ümumiyyətlə, Azərbaycanın gələcəyinə münasibətdə obyektiv mövqe nümayiş etdirən və konkret proqramları olan siyasi partiyalarla əməkdaşlığımız mümkündür", - Mirzəbəyli deyib.
BAXCP sədrinin müavini bu istiqamətdə müəyyən irəliləyişlər olacağına ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]