...

İran Xalq Mücahidləri təşkilatı ilə bağlı Avropa Birliyinə rəsmi etiraz göndərib

Siyasət Materials 27 Oktyabr 2008 16:43 (UTC +04:00)

İran, Tehran, 27 oktyabr / Trend , müxbir A.Namdari / İran Avropa Birliyinə Xalq mücahidlərini dəstəklədiyinə görə rəsmi etiraz edib.

Trend - un Tehrandakı müxbirinin məlumatına əsasən, İranın xarici işlər nazirliyinin sözçüsü Həsən Qəşqavi bazar ertəsi jurnalistlərlə həftəlik mətbuat konfransında bildirib ki, Xalq Mücahidləri terrorist təşkilatının mahiyyətində dəyişiklik baş verməyib, elə buna görə də, onları dəstəkləməyə heç bir əsas yoxdur.

İran İslam Respublikası oktyabrın 25- də Britaniya hökumətinin Xalq Mücahidləri təşkilatının adının " qara siyahı " dan çıxarılması ilə bağlı qərarını "şübhəli, qəbulolunmaz və beynəlxalq hüquq normalarına zidd" sayıb.

"Qara siyahı" bəzi ölkələr, o cümlədən Britaniya hökuməti tərəfindən hazırlanıb. Siyahıda bəzi şəxs və təşkilatların adları dünyada terrorist təşkilatları və onları dəstəkləyənlər qismində verilib.

Britaniyanın tərtib etdiyi terrorist təşkilatları siyahısında Əl- Qaidə, Hizbullah və PKK kimi təşkilatlar da yer alıb.

İran Avropa Birliyinə üzv ölkələrə, o cümlədən Britaniya və İtaliya dövlətlərinə etiraz edib. İtalyalı senatorlar Xalq Mücahidlərinin başçılarını Romaya dəvət ediblər.

Qəşqavi Avropa ölkələrinin Xalq Mücahidlərini dəstəkləməsini əsassız sayıb.

Ötən həftə Avropa Məhkəməsi Avropa Şurasının Xalq Mücahidləri təşkilatının hesablarının dondurulması haqda qərarını qəbul etməyib. Avropa Birliyi Xalq Mücahidləri təşkilatının qara siyahıda olması qənaətindədir.

Ötən ilin dekabrında Xalq Mücahidləri təşkilatı Britaniya hökumətindən bu ölkədəki məhkəmələrin birinə şikayət edib. Məhkəmə Britaniya hökumətindən bu təşkilatı terrorçu qrupların siyahısından çıxarmağı tələb edib.

Məhkəmənin qərarı Britaniya Baş nazirinin etirazına səbəb oub, lakin Londonun Appelyasiya Məhkəməsi Baş nazirin etirazını əsassız sayıb.

Məhkəmənin qərarı İran dövlətinə müxalif olan Xalq Mücahidləri təşkilatına bu ölkədə pul toplamağa və yenidən təşkilatlanmağa şərait yaradır.

Xalq Mücahidləri təşkilatı Amerika və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınır və 2001- ci ildən bu təşkilatın Britaniyada fəaliyyəti qadağan olunub.

Xalq Mücahidləri təşkilatının üzvləri 1980 - ci ilin əvvəllərində İraqa mühacirət edib. 2003 - cü ildə Amerika İraqa hücum edənədək, bu təşkilat İraqda İrana qarşı təxribatlar törədib.

ABŞ qüvvələri İraqa hücum etdikdən sonra, Xalq Mücahidləri təşkilatının üzvləri tərksilah edildi və İraqdakı qərargahları nəzarətə götürüldü. Son vaxtlar bu qərargaha nəzarət İraq hökumətinə tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti