...

Azərbaycanda fərqli siyasi proseslərin inkişafına stimul yaranıb - TrendNews-un icmalçısı

Siyasət Materials 29 Oktyabr 2008 10:48 (UTC +04:00)
Azərbaycanda fərqli siyasi proseslərin inkişafına stimul yaranıb - TrendNews-un icmalçısı

Azər Hüseynbala, Trend - un siyasi icmalçısı

Azərbaycanda keçirilən prezident seçkisində öz namizədləri ilə iştirak edən müxalifət partiyalarının rəhbərləri qalib gəlmədilər. Onların heç biri topladıqları səs faizlərinə görə dövlət büdcəsindən seçki kampaniyasına ayrılan məbləğin ödənilməməsi üçün nəzərdə tutulan üç faizlik həddi keçə bilmədi. Amma həmin siyasi hərəkatların öz namizədləri ilə seçkiyə qatılması Azərbaycanın siyasi arenasına yeni bir ovqat gətirdi. Məlum oldu ki, müxalif qüvvələrin radikal mövqe nümayiş etdirmədən də seçki mübarizəsinə qatılması, hər bir namizədin platformasını sərbəst təqdim etməsi mümkündür.

Seçki başa çatan kimi hakim partiyanın namizədi İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrik edilməsi də, Azərbaycanın yenidən müstəqilliyini elan etməsindən sonrakı dövrdə ilk addım oldu. İlham Əliyev də müxalifət partiyalarından olan rəqiblərinin jestlərini cavabsız qoymadı. Prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində İlham Əliyev onlara təşəkkürünü bildirdi. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərində yeni, həm də daha sivil bir mərhələnin başlanğıcı deməkdir.

İndi Azərbaycanda beş il əvvəlki - 2003 - cü ilin 15 oktyabrından sonrakı qarışıq situasiya müşahidə olunmur. Müxalifətdən olan prezidentliyə namizədlər səsvermə günü bir sıra qanunsuzluqların baş verdiyini qeyd etsələr də, bunun ümumi nəticələrə təsir göstərmədiyi qənaətindədirlər. Bunlar növbəti beş ildə prezident seçkisində müxalifətin fəaliyyət imkanlarının genişlənməsinə yeni şərait yaranacağından xəbər verir.

Hakimiyyətin seçkidən sonra seçkidə öz namizədələri ilə iştirak edən müxalif qüvvələrə ünvanlanmış fikirləri də növbəti beş ildə Azərbaycanda tamamilə fərqli syiasi proseslərin inkişafına stimul verir. Lakin münasibətlərin yeni müstəvidə və sivil qaydada möhkəmlənməsi təkcə hakimiyyətdən asılı olmayacaq. Əslində, oktyabrın 15-dən sonrakı müddətdə seçkidə öz namizədləri ilə iştirak edən siyasi hərəkatların daha mükəmməl qüvvəyə çevrilməsi ehtimalları gündəmə gəlib. Hakim partiyanın namizədindən sonra səsvermənin nəticələrinə görə ikinci yeri tutan Ümid və sonrakı üç yeri bölüşən Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və yeni yaradılacaq Aydınlar partiyalarının siyasi blok imkanları müzakirə olunur. Ümid Partyiasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə bu prosesdə iştirak etməmək niyyətindədir. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev və Qulamhüseyn Əlibəyli bu ideya ətrafında müzakirələr aparılmasını mümkün hesab edirlər.

Adıçəkilən üç siyasi hərəkatın ideologiyalarının yaxın olduğunu nəzərə alsaq, onların hətta birləşməsi də mümkündür. Həmin siyasi hərəkatların öz namizədlərinin seçkidə lazımi səs toplaya bilməməsinin əsas səbəblərindən biri kifayət qədər təşkilatlanmamaları, cəmiyyətdə yetərincə nüfuz qazanmamalarıdır. Bu seçki kampaniyasında onların hər biri kütləvi informasiya vasitələrində də, seçicilərlə görüşlərində də platformalarını açıqladılar.

Hakimiyyəti tənqid edən, problemlərin həllinə yanaşmalarında seçkini boykot edən müxalifət partiyalarından fərqli olaraq, namizədlərin yeni dövr üçün atacaqları addımları müəyyənləşdirmələri çox yubanmayacaq; qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Yeni müxalif qüvvələr siyasi addımlarını möhkəmləndirmək üçün bir araya gələrlərsə, daha ciddi nailiyyətlər əldə edə bilərlər. Biz Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və yeni yaranacaq Aydınlar partiyalarının bundan sonrakı siyasi fəaliyyətlərini birgə aparmasının daha uğurlu ola bilcəyini təsadüfən vurğulamadıq. Həmin siyasi hərəkatların rəhbərləri vaxtilə eyni partiyanın - AXCP-nin üzvləri olublar və həmin partyianın sıralarından uzaqlaşdıqları kimi, bir yerə yığışa da bilərlər. Bu halda, daha güclü bir siyasi hərəkatın yaranacağı gözləniləndir.

Kifayət qədər güclü və sivil qaydalar çərçivəsində mübarizə aparmaq yolu seçən müxalif qüvvənin olmasına hakimiyyət də maraqlıdır. Həmin müxalifətin 2010-cu il parlament seçkilərində kifayət qədər mandat əldə edib, qanunverici orqanda fraksiya yaratması da mümkündür. Hər halda, prezident seçkisində iştirak etmiş müxalifətin bundan s onra birləşməyə, daha real siyasi hərəkata çevrilməyə kifayət qədər imkanı var. Keçmiş prezidentliyə namizədlərin bu imkandan necə istifadə edəcəyini zaman göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti