...

Tehranda polislərin iştirakı ilə keçirilən təlimlər təhlükəsizlik məqsədi daşıyır

Siyasət Materials 12 Noyabr 2008 11:35 (UTC +04:00)

İran, Tehran, 12 noyabr / Trend , müxbir A.Namdari/ Tehranda keçirilən 30 min polisin iştirak etdiyi təlimdə məqsəd polis nəfərlərinin təhlükəsizliklə bağlı hazırlıq səviyyəsini yoxlamaqdır.

"Təlimlərdə məqsəd polis nəfərlərinin hazırlıq səviyyəsinin artırılması, əhaliyə yardım zamanı iş strukturlarının birgə hazırlığının və güclü mühafizəyə ehtiyacı olan qurumların mühafizəsinin təşkilindən ibarətdir", - deyə Tehran Şəhər Polisinin mətbuat xidmətinin sədri, general Mehdi Əhmədi cərşənbə axşamı Trend -a müsahibəsində bildirib.

Tehran polisi bazar ertəsi "Təhlükəsizlik və Sabitlik" adlı təlimlərə başlayıb. Təlim 6 gün müddətində Tehran şəhərində keçiriləcək, 4 mindən artıq polis maşını və 50 vertolyotun iştirakı nəzərdə tutulub.

"Təlimlərdə 30 min polis nəfəri və mühafizəçi iştirak edir",- deyə Əhmədi bildirib.

Ötən il Sepah korpusunun komandiri İran polis komandanına məktub göndərərək şəhər daxilində Sepahın könüllü müqavimət qüvvələrinin (Bəsicin) əməliyyatları dayandırdıqlarını bildirmişdi. Lakin onlar (Bəsic) ötən ildən şəhərdaxili əməliyyatlarda iştiraklarını dayandırsalar da, son həftələrdə bu əməliyyatlara yenidən başlayıblar. General Əhmədi könüllü müqavimət qüvvələrinin (Bəsicin) bu təlimlərdə iştirak etmədiyini bildirib.

Sepahın könüllü müqavimət qüvvələri İranı xarici və daxili təzyiqlərdən qorumaq məqsədilə yaradılıb. Rəsmi statistikaya əsasən, İranın könüllü müqavimət qüvvələrinin 10 milyon qadın və kişi üzvi var. Onlar İranın müxtəlif dövlət strukturlarında, məktəblərdə və universitetlərdə çalışırlar.

İran polisi ötən iki ilə ərzində "Hicabsızlığa qarşı mübarizə", "Narkomanlara qarşı mübarizə", "Əxlaqsızlığa qarşı mübarizə", "Xüsusi şirkətlərin işinə nəzarət" və "Fotoqalereyaların işinə nəzarət" adlı layihələr həyata keçirib. Layihələrin icrası zamanı minlərlə insan polis tərəfindən xəbərdarlıq alıb, bəziləri həbs olunaraq, məhkəmə orqanlarına təhvil verilib.

İran polisinin qanunsuz hərəkətlərinə, məhkəmə olmadan vətəndaşların saxlanmasına və edam hökmü almalarına qarşı etirazlar İran daxilində günbəgün artmaqdadır. Beynəlxalq ictimaiyyət tərəfindən də İrandakı bu qanunsuzluqlar və edam hökmləri tənqid edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti