...

Azərbaycanın İctimai Televiziyası siyasi partiyalara ayrıca efir vaxtının ayrılmayacağını bildirib

Siyasət Materials 7 Yanvar 2009 14:23 (UTC +04:00)
Azərbaycanın İctimai Televiziyası siyasi partiyalara ayrıca efir vaxtının ayrılmayacağını bildirib

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın İctimai Televiziyası hər bir siyasi partiyaya ayrıca efir vaxtının ayrılmasının ictimai yayım xidmətinin prinsiplarinə uyğun olmadığını bildirib.  

"Bir partiyaya İctimai Televiziyada efir vaxtı ayrılarsa, o zaman bütün partiyalara da eyni efir vaxtı ayırmalıyıq.  Bu isə həm ictimai yayım prinsiplərinə ziddir, eyni zamanda fiziki baxımdan da mümkün deyil", - çərşənbə günü Trend -a İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov bildirib. 

Trend -un arayışı: Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5-ci bəndi Konstitusiyadan çıxarılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrar Azərbaycan Respublikasının prezidenti seçilə bilməz.

Həmin maddəyə ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiyaya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandırılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanın müxalif Müsavat Partiyası dünən referendumla bağlı mövqeyini cəmiyyətə çatdırmaq məqsədilə İctimai Televiziyada efir vaxtının ayrılması ilə bağlı televiziyanın rəhbərliyinə müraciət edib.  

Məmmədov İctimai Televiziyanın cəmiyyət üçün maraqlı olan bütün problemləri hər zaman efirdə işıqlandırdığını bildirib. "Referendumla bağlı müzakirələr efirə çıxarılacaq. Həmin müzakirələrdə həmişə olduğu kimi, bütün müxalifət partiyalarının nümayəndələri iştirak edə bilərlər. Müzakirələrin hansı formatda və verilişdə olacağı  hələ müəyyən olunmayıb. Bu məsələ ilə bağlı müzakirələr aparılacaq", - deyə şöbə rəhbəri bildirib. 

O, Müsavat Partiyasının müraciətinin İctimai Televiziyaya daxil olduğunu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti