İran Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, İranda ABŞ hökumətinin maliyyə yardımı ilə dövlət çevrilişi etmək istəyən qrup yaxalanıb. Həbs olunanlar 4 nəfərdir və onların barəsində məhkəmə qərarı yaxın günlərdə açıqlanacaq. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.
"Bu qrup ABŞ hökumətinin maliyyə yardımı və Buş administrasiyasının birbaşa himayəsi ilə, dövlət çevrilişi məqsədilə yaradılaraq fəaliyyət göstərirdi. Bu qrupun üzvləri həbs olunub və yaxın vaxtlarda onlar haqda məhkəmə qərarı elan olunacaq", - deyə İran Ədliyyə Nazirliyinin sözçüsü Əlirza Cəmşidi çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
O əlavə edib ki, həbs olunanların dördü də İran vətəndaşıdır və Tehran şəhərində həbs olunublar.
Cəmşidinin sözlərinə görə, qrup İranda insanları ətrafına toplayaraq onlara xüsusi təlimlər keçirmiş.