...

Azərbaycanın hakim partiyası referendumla bağlı debatlara hazırdır

Siyasət Materials 27 Yanvar 2009 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası referendumla bağlı müxalifətlə debatların keçirilməsinə hazırdır.

"İctimai Televiziya Seçki Məcəlləsinə uyğun olaraq referendum üzrə qeydiyyata alınan təşviqat qruplarının nümayəndələrinə efir vaxtı verəcək. Həmin müddətdə hər kəsə öz mövqeyini açıqlamağa şərait yaradılacaq", - çərşənbə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə hələ 14 təşəbbüs qrupu yaradılıb. Bunlardan dördü imza vərəqələrini MSK-ya təhvil verib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu yanvarın 22-də Mərkəzi Seşki Komissiyasında təşviqat qrupu kimi qeydə alınıb.

Azərbaycanın Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Qurbanlının sözlərinə görə, təşviqat qruplarına efir vaxtının ayrılması üçün Mərkəzi Seçki Komissiyası da artıq qərarını verib. "Təşviqat qruplarının qeydiyyatı başa çatdıqdan sonra püşkatma yolu ilə onların efir vaxtları müəyyənləşdiriləcək. Yeni Azərbaycan Partiyası referendumun lehinə təşviqat aparacaq. Əleyhinə olanlar da həmin vaxtdan istifadə edib, fikirlərini söyləyə bilərlər", - millət vəkili vurğulayıb.

Hakim partiya funksioneri əlavə edib ki, debat üçün İctimai Televiziyada tam meydan veriləcək. "Yeni Azərbaycan Partiyası olaraq teleməkan müstəvisində bizimlə bu məsələdə opponentlik edən təşviqat qruplarının nümayəndələri ilə fikirlərimizi bölüşəcək, diskussiya aparacağıq", - Qurbanlı deyib.

"Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə və əleyhinə olan tərəflərin mövqelərini açıqlamaq üçün debatların keçirilməsi olduqca zəruridir", - çərşənbə axşamı Trend -a bir qrup müxalif partiyanın təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Onun fikrincə, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərlə bağlı referendum təyin edilməzdən əvvəl ictimai müzakirələrin keçirilməsi daha səmərəli olardı: "Əgər hakimiyyətin başqa niyyəti yoxdursa, əhalinin dəyişikliklərlə bağlı maarifləndirilməsi indiyədək mümkün idi. Debatlar əvvəlcədən keçirilsəydi, mütəxəssislərin ətraflı şərhləri nəticəsində cəmiyyətdəki indiki gərginlik də müşahidə olunmazdı", - Əliyev əlavə edib.

Müxalif pariya sədri deyib ki, imzatoplama kampanıyası zamanı yaradılan maneələr hakimiyyətin bu məsələdə debatların keçirilməsinin tərəfdarı olmamasının göstəricisidir.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Vətəndаş və Inkişаf Pаrtiyаsı 2006-cı ildə təsis оlunub. Həmin vахtı qədər bu pаrtiyаnın üzvləri Аzərbаyаn Milli Istiqlаl Pаrtiyаsındа (АMIP) təmsil оlunublаr. АMIP-də bаş vеrmiş pаrçаlаnmа nəticəsində Əli Əliyеvin tərəfdаrları öz qurultаylаrını kеçirərək VIP-i təsis еdiblər. VIP "Аzаdlıq" siyаsi blоkunun üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti