...

Azərbaycan prezidenti Respublika Hospitalının yeni binasının açılış mərasimində iştirak edib

Siyasət Materials 24 Fevral 2009 15:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Nərimanov rayonunda, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının yeni binasının açılış mərasimində iştirak edib, Azər TAc dövlət agentliyi məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev hospitalın açılışını bildirən lenti kəsib.

Hospitalın bünövrəsi prezident İlham Əliyev tərəfindən 2007-ci il martın 19-da qoyulub. Üç korpusdan ibarət 320 çarpayılıq çoxprofilli hospitalın ümumi sahəsi 21 min kvadratmetrdir.

Hospitalın qəbul şöbəsində və təcili yardım bölməsində xəstələrə ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb. Kompyuter tomoqrafiyası, nüvə-maqnit rezonansı, rəqəmsal rentgen və ultrasəs müayinəsi otaqlarındakı avadanlıq da daxil olmaqla, buradakı tibbi avadanlıq "Filips" şirkəti tərəfindən quraşdırılıb.

Hospitalda müxtəlif profilli 5 cərrahiyyə otağı olan əməliyyat bloku, 15 yerlik reanimasiya, intensiv terapiya, reabilitasiya və fizioterapiya, kardiologiya, nevrologiya, travmatologiya, uronefrologiya, oftalmologiya, otolorinqologiya, stomatologiya, funksional diaqnostika, radiologiya, hidroterapiya, endokrinologiya şöbələri, dəqiq analizlərin aparılması üçün ən müasir avadanlıqla təchiz olunmuş kliniki diaqnostika laboratoriyası fəaliyyət göstərir.

Dövlət başçısı hospitalın tikintisinə və hazırkı vəziyyətinə dair filmə baxıb.

Hospitalın foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycanda daxili işlər orqanlarının və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılıb.

Azərbaycan prezidenti hospitalın binası ilə yaxından tanış olub, şöbələri və palataları gəzib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti