...

"Şərqi tərəfdaşlıq" proqramı həm Litvanın, həm də Azərbaycanın siyasi və iqtisadi maraqlarına xidmət edir – Litvanın XİN rəhbəri (MÜSAHİBƏ)

Siyasət Materials 1 Aprel 2009 09:00 (UTC +04:00)
"Şərqi tərəfdaşlıq" proqramı həm Litvanın, həm də Azərbaycanın siyasi və iqtisadi maraqlarına xidmət edir – Litvanın XİN rəhbəri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Y.Оstapenko /

Litvanın xarici işlər naziri Viqaudaş Uşaskasın apreldə Azərbaycana səfərindən əvvəl Trend -un Avropa redaksiyasına eksklüziv müsahibəsi

- Apreldə Azərbaycana gəlmək niyyətindəsiniz. Bakıda hansı məsələləri müzakirə etmək fikrindəsiniz?

- Mən ümid edirəm ki, mənim səfərim bir sıra sahələrdə Litva və Azərbaycan əməkdaşlığına yeni impuls verəcək. Bizim gündəliyimizdə bir çox ikitərəfli və beynəlxalq məsələlər var, amma onlarla da kifayətlənmirik. Mən Azərbaycana ikitərəfli mədəni və şəxsi münasibətləri qaydaya salmaq üçün gəlirəm.

Belə fikirlər var ki, müxtəlif ölkələrin rəsmi şəxsləri insanlar arasında əlaqələrin qurulması və əməkdaşlıq üçün nümunə rolunu oynayır. Mən isə deyirəm ki, bu insanlar, xüsusilə də gənclər bizim izlədiyimiz yolu - əməkdaşlığın ruhlandırıcı modelini yaradırlar. Mən şadam ki, bizim ölkələrimizin gəncləri arasında əlaqələr getdikcə artır.

Başçılıq etdiyim nümayəndə heyətinə Azərbaycana sərmayə qoymaq və iş əlaqələrini qurmaq niyyətində olan litvalı iş adamları da daxildir. Əminəm ki, bu, yeni tərəfdaşlıq münasibətlərinə gətirib çıxaracaq və artıq mövcud olan çoxtərəfli və məhsuldar əməkdaşlığa müxtəliflik qatacaq. Bu tendensiya çox perspektivlidir: 2008-ci ildə Azərbaycan Litvanın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı oldu.

İcazə verin xatırladım ki, bizim bugünkü dialoqumuz nəinki qarşılıqlı inam və rəğbətdən, həmçinin Litva və Qafqaz xalqlarının tarixi əlaqələri ilə də möhkəmlənib. 1918-ci ildə bizim iki müstəqil dövlətimiz yarandığı zaman, biz bir-birimizə maraq göstərdik və diplomatik münasibətlərin qurulması üçün addımlar atdıq.

Gündəlikdə duran digər vacib məsələlər Baltikyanı və Qafqaz ölkələri arasında regional əməkdaşlığın genişləndirilməsi; Azərbaycan və Aİ arasında siyasi, iqtisadi və enerji tərəfdaşlığı, eləcə də Qafqazda stabilliyə mane olan münaqişələrin sülh yolu ilə həllinə yönəldilmiş səylərdir.

- Bizim ölkələrin regional siyasətdə, o cümlədən erməni-azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllindəki mövqelərində hər hansı uyğunluqlar görürsünüzmü?

- Litva da, Azərbaycan da başa düşür ki, belə münaqişələr ümumilikdə region üçün təhlükə yaradır. Nümunə kimi ötən ilin avqustunda Gürcüstanda baş verən müharibəni qeyd etmək olar. Müharibə zamanı beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə suverenlik və ərazi bütövlüyü kimi fundamental prinsiplər pozulub. Bu bir daha təkrarlana bilməz.

Dağlıq Qarabağa gəlincə, Litvanın mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də üç prinsipin dəstəklənməsinə əsaslanır: güc tətbiq olunmaması, xalqların öz müqəddəratını müəyyən etmə və ərazi bütövlüyü. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfənin Aİ və Azərbaycan arasındakı fəaliyyət planının prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq biz, bundan sonra da siyasi dialoq və əməkdaşlığı həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirməliyik.

Problem müharibə yox, diplomatların danışıqları yolu ilə həll olunmalıdır. Mən Azərbaycan hökumətinin bu fikri dəstəklədiyinə görə sevinirəm. Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan hər iki tərəfi qane edəcək qərarı verə biləcək. Mən əminəm ki, belə bir qərar tapılan kimi Aİ də daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəflərə onu həyata keçirmək üçün səylərini əsirgəməyəcək. Aİ-nin digər üzvləri ilə yanaşı, Litva ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Eyni zamanda biz hesab edirik ki, Aİ-nin ilk növbədə həllini gözləyən bir sıra məsələlərdə edə biləcəyi hələ çox şey var.

- Azərbaycan, digər beş postsovet ölkəsi ilə birlikdə Aİ-nin "Şərqi tərəfdaşlıq" proqramında iştirak edir. Litvanın təcrübəsi Aİ ilə gələcək əməkdaşlıq üçün səmərəli ola bilərmi?

- Azərbaycan və Litva arasında bu tipli qarşılıqlı fəaliyyət olub. Litva parlamenti Avropa İttifaqı layihələri çərçivəsində Milli Məclis (Azərbaycan parlamenti) ilə, Litvanın Xüsusi Araşdırma Xidməti isə Azərbaycanın Baş prokuroru başda olmaqla Korrupsiya ilə Mübarizə İdarəsi ilə əməkdaşlıq edir. Hətta Litva basketbolunun - "Litvanın ikinci dini" - dadı da azərbaycanlılara tanışdır. Bir neçə il əvvəl sabiq məşhur basketbolçu Rimas Kurtinaytis azərbaycanlı basketbolçuların ustalığının artırılmasında iştirak edib.

Litva Avropa İttifaqının "ambisiyalı" "Şərq tərəfdaşlığı" təşəbbüsünün qəbulu barədə qərarını alqışlayır. Bu həm də Litvanın Aİ-də məqsədyönlü siyasəti və səylərinin nəticəsidir. Bu təşəbbüs bizim Şərq qonşularımızla münasibətlərdə yeni mərhələni açır. Vacib olan odur ki, "Şərqi tərəfdaşlıq" təşəbbüsünün həyata keçirilməsi ümumi dəyərlər, insan hüquqlarına hörmət, iqtisadiyyat və davamlı inkişaf prinsiplərinə əsaslanır. Bu təşəbbüs həm Litvanın, həm də Azərbaycanın iqtisadi və siyasi maraqlarına xidmət edir və bu, biznes və mal, xidmət və insanların hərəkətinin inkişafı üçün əlavə perspektivlər açmalıdır.

Mənim Bakıya səfərim zamanı Avropa inteqrasiyası sahəsində tərəfdaşlıq və əməkdaşlıq sahəsində memorandum imzalanacaq. Litva Azərbaycanda siyasi, institusional və iqtisadi islahatlar, dövlət idarəçiliyinin möhkəmləndirilməsi üçün Avropa standartlarının qəbul edilməsi və həyata keçirilməsinə öz töhfəsini verməyə hazırdır. Litva Avrointeqrasiya sahəsində dövlət qulluqçularının hazırlanması və islahatların aparılması, siyasi, iqtisadi, humanitar, mədəni, elmi və digər əlaqələrin inkişafı üçün şəxsi əlaqələrin yüngülləşdirilməsi prosesində öz təcrübəsini bölüşməyə hazırdır.

- Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin Baltik dənizinə qədər genişlənməsində Azərbaycanın rolu nədən ibarətdir? Neftin Baltik dənizinə nəqli üçün Litva Xəzəryanı ölkələrə müvafiq şəraiti yaratmağa hazırdırmı?

- Azərbaycan neft və qaz tədarükçüsü kimi Avropa və Litva üçün çox vacib ölkədir. Ancaq Azərbaycanın potensialından tam istifadə olunmur. Səbəblərdən biri Xəzər regionundan Avropaya inkişaf etmiş enerji nəqliyyatı infrastrukturunun yoxluğudur. Buna görə də Litva Aİ-nin Xəzər və Qara dəniz regionu ölkələri ilə xarici enerji siyasətini dəstəkləyir. Biz Cənubi qaz dəhlizinin yaradılması və Nabukko layihəsinin realizəsinin tezləşdirilməsinin tərəfdarıyıq.

Biz, həmçinin Avropada Xəzər dənizindən Qara dənizə neft tədarükündə, yəni Odessa-Brodı-Plots-Qdansk neft kəmərində daha çox Azərbaycanı görmək istəyirik. Bu gün üçün bu, ən real layihələrdən biridir və biz diqqətimizi onun maneəsiz həyata keçirilməsinə yönəltməliyik. Öz növbəsində Litva Xəzəryanı ölkələrə neft nəqli üçün müvafiq şəraiti yaratmağa hazırdır.

Bizim səbirsizliklə gözlədiyimiz məsələ neft və qazla kifayətlənməyərək, digər regional və transregional layihələrdə Litva və Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Mən həm Litva, həm də Azərbaycanın maraqlarına xidmət edən TRACECA - Avropa-Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizi kimi layihələri nəzərdə tuturam. Bu layihələrin həyata keçirilməsinin konkret yollarından biri kombinə edilmiş "Vikinq" nəqliyyatı qatarı layihəsi ola bilər. Hazırda bu layihə Ukraynanın Odessa və Litvanın Baltik sahilindəki Klaypeda limanını birləşdirir. Biz bu layihəni Cənubi Qafqaza qədər də genişləndirmək istəyirik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti