...

İqtisadi problemlər İranın uzaq okeanlarda hərbi baza yaratmasına imkan vermir

Siyasət Materials 15 Aprel 2009 10:56 (UTC +04:00)
İqtisadi problemlər İranın uzaq okeanlarda hərbi baza yaratmasına imkan vermir

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbirlər T.Cəfərov, D.İbrahimova /  

İranın hərbi dəniz qüvvələrinin Sakit, Atlantik və Hind okeanlarında hərbi baza yaradacağı mümkün deyil, çünki bu ölkənin iqtisadi problemləri buna imkan verməyəcək.

"Mən inanmıram ki, İran öz hərbi bazalarını uzaq okeanlarda yerləşdirə bilsin, - Secure World Foundation-ın Vaşinqton ofisinin direktoru Viktoriya Samson Trend -a bildirib. - Ona görə ki, İranın hərbi bazaları uzaq okeanlarda yerləşdirmək üçün pul vəsaiti yoxdur". 

İranın İRNA xəbər agentliyinin məlumatına əsasən, İranın Milli Hərbi ordusunun baş komandanı general Ətaullah Salehi (Ataallah Salehi) DAFUS hərbi liseyində çıxışı zamanı bildirib ki, İranın hərbi gücü ölkə sərhədləri daxilində məhdudlaşmamalıdır. "Biz bilirik ki, düşmən uzaq məsafədən bizim sərhədlərə yaxınlaşır və İranı hədələyir. Biz öz sərhədlərimizdə məhdudlaşmamalı, İran ordusunun gücünü uzaq sularda da nümayiş etdirməliyik", -deyə Salehi bildirib. O, əlavə edib ki, İranın Hərbi Dəniz Qüvvələri okeanlarda və çox uzaq məsafələrdə hərəkət edəcək və bu məqsədlə şərait mövcuddur.

Samsonun fikrincə, dünya bazarlarında neft qiymətlərinin düşməsi İranı büdcə problemi ilə üzləşdirib.

"Hazırkı şəraitdə İran hökuməti neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar büdcə problemləri ilə üzləşib və onu həll etməlidir. İranın uzaq okeanlarda hərbi bazalarını yerləşdirmək üçün vəsaiti yoxdur", - deyə hərbi və nüvə məsələləri üzrə ekspert Samson bildirib.

Dünya bazarlarında neft qiymətlərinin kəskin dərəcədə ucuzlaşması qara qızıldan tamamilə asılı olan Tehran hökumətinin büdcəsinə ciddi təsir göstərib. İranın neft naziri Qulamhuseyn Nozari (Gholamhossein Nozari) neftin kəskin ucuzlaşması nəticəsində ölkə gəlirlərinin yarıyadək azalacağını bəyan etmiş və xüsusilə də istehsal sahəsinə sərmayə qoyulması yönündə ciddi çətinliklərin yaranacağını söyləmişdi.

Fransada fəaliyyət göstərən iranlı ekspert Hüseyn Laceverdi (Hossein Lajevardi) isə hesab edir ki, İran uzaq okeanlarda yalnız dünya ictimaiyyəti ilə və daxili problemlərini həll etdikdən sonra hərbi bazalar yaratmaq imkanındadır.

"İran dünya ictimaiyyəti ilə və İran daxilindəki problemlərini həll etdikdən sonra öz sərhədlərindən kənarda hərbi bazalar yarada bilər", - İran Tədqiqatçılar Assosiasiyasının (Association of İranian researchers) sədri Laceverdi Trend -a telefonla bildirib.

Ekspertlər hesab edir ki, İran belə çıxışlar etməklə Qərb və ABŞ-a etiraz edərək bu ölkələrə güc nümayiş etdirmək istəyir.

"ABŞ Avropada raket əleyhinə qurğular quraşdırmaq istəyir. İran belə çıxış etməklə Qərbə Avropada raket əleyhinə qurğuların quraşdırılmasına qarşı olduğunu nümayiş etdirir", - deyə Samson bildirib.

Ağ Ev Praqa şəhərinin cənub qərbində yerləşən hərbi zonada radar sistemi quraşdırılmasını, qonşu Polşa ərazisində isə 10 ədəd raket əleyhinə qurğu yerləşdirməyi təklif edib. Rəsmi Vaşinqton bu planın İran və Şimali Koreya dövlətlərindən gələ biləcək hücumlardan müdafiə məqsədilə həyata keçiriləcəyini bəyan edib.

Laceverdi hesab edir ki, bu cür çıxışlar İran İslam Respublikasının uydurmasıdır. İran belə çıxışlarla öz arzularını elan edir. "Fikrimcə, İranın hazırkı vəziyyətdə okeanlarda qüvvələr yerləşdiməsi üçün heç bir şəraiti yoxdur və bu, İranın arzusudur, - deyə Laceverdi bildirib. - Hazırda ABŞ, Qərb ölkələri və Ərəb ölkələri İranın qarşısında dayanıblar. İran onlara güc nümayiş etdirir".

ABŞ və Qərb İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı müxtəlif qətnamələr və sanksiyalar tətbiq edib. Amerika ehtimal edir ki, İran terrorçuları dəstəkləyir və kütləvi qırğın silahları hazırlayır.
İrana qarşı ilk sanksiya 1979-cu ildən tətbiq olunub. O vaxtdan bu sanksiyalar mütəmadi olaraq ABŞ tərəfindən uzadılır və genişləndirilir. Bu sanksiyaların davamı kimi 1995-ci ildə ABŞ Prezidenti Bill Klinton Administrasiyası İrana yenidən sanksiya tətbiq edib. Sanksiyalar Amerika biznesmenlərinə İranın neft sənayesində iştirakında ticarət əlaqəsinə qadağa qoyur. Bundan başqa BMT TŞ İrandan uranı zənginləşdirilməsini dayandırmağı tələb edib. 2003-cü ildən etibarən, üç il müddətində rəsmi Tehran uranın zənginləşdirilməsi planını dayandırsa da, 2006-cı ildən bu plan üzrə yenidən işlər aparılır. BMT TŞ bu səbəbdən İran əleyhinə 3 sanksiya və 5 qətnamə qəbul edib.

İran Parlamenti Araşdırmalar Mərkəzinin siyasi araşdırmalar ofisinin məlumatına görə, hazırda ABŞ-ın İran ətrafında 32 hərbi qərargahı var. Həmin qərargahlarların əksəriyyəti İranın cənubunda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti