...

Türkiyəli deputatlar Minsk Qrupunun fəaliyyətindən narazıdırlar

Siyasət Materials 16 Aprel 2009 15:11 (UTC +04:00)
Türkiyəli deputatlar Minsk Qrupunun fəaliyyətindən narazıdırlar

Azərbaycan, Bakı, 16 aprel  / Trend , müxbir C.Babayeva /

Gümhuriyyət Xalq Partiyasından (CHP) olan türkiyəli deputat Şükrü Elekdağ hesab edir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir nəticə gözləməyə dəyməz.

"Ötən il BMT Təhlükəsizlik Şurasında Azərbaycanın işğal olunmuş torpaqları haqqında qətnamə qəbul edilərkən ATƏT-in Minsk Qrupu ölkələri (Rusiya, ABŞ və Fransa) qətnaməni dəstəkləmədilər. Belə olduğu halda Minsk Qrupunun fəaliyyətindən müsbət nəticə gözləməyə dəyməz", - Elekdağ bu gün Bakıda keçirilən mətbuat konfransı zamanı deyib.

Ermənistan və Türkiyə 1993-cü ildən kəsilmiş əlaqələri normallaşdırmağa çalışırlar. Əlaqələrin kəsilməsinə səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir.

2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Elekdağ deyib ki, Türkiyə müstəqil şəkildə Ermənistana qarşı bütün diplomatik vasitələrdən yararlanır. "Türkiyə ilə sərhədlərin bağlılığını Ermənistan hər gün hiss edir. Sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmyəcək. Əksinə, münaqişənin dərinləşməsinə şərait yaradacaq", - Elekdağ deyib.

CHP-dən olan türkiyəli deputat Şahin Mendu deyib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsinin yerinə yetirilməməsi icra mexanizminin olmaması ilə əlaqəlidir. "İcra mexanizmi olmadan qətnamələr masa üzərində qalacaq və mexanizmin olmaması BMT-nin ən zəif tərəfidir", - Mendu qeyd edib.

Aprelin 15-də Azərbaycan Milli Məclisində (Parlament) "Azərbaycan-Türkiyə: ümumi maraqlar və problemlər" forumu keçirilib. Görüşdə Türkiyə parlamentindən Cümhuriyyət Xalq Partiyasını təmsil edən Şükrü Elekdağ, Yılmaz Ateş, Şahin Mendu, Milliyyətçi Hərəkat Partiyasından Atilla Qaya, Turan Çirkin, Bulend Didin və müstəqil deputat Məhəmməd Azəri iştirak ediblər.

Dünən Azərbaycan və Türkiyə deputatlarının iştirak etdiyi Bakıda keçirilən forumun nəticələri üzrə, iki ölkənin qardaş əlaqələrinə zərər gətirən istənilən fəaliyyətə qarşı birgə mübarizə aparmaq baradə bəyanat qəbul edilib.

Qəbul olunan bəyanatda qeyd edilib ki, Azərbaycan və Türkiyə deputatları beynəlxalq məsələlərdə bir mövqedən çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti