Azərbaycan, Bakı, 04 may / Trend , müxbir Ü.Sadıxova /
"Əlcəzair Mədəniyyət Nazirliyi Azərbaycanın elmi və tədqiqat mərkəzlərinin nümayəndəlikləri ilə fəal əməkdaşlığa başlayır. Məqsəd iki ölkənin mədəniyyətlərinin öyrənilməsi üzrə təcrübə və informasiya mübadiləsidir", - Əlcəzair Mədəniyyət Nazirliyi yanında dini və tarixi təqiqatlar bölməsinin rəhbəri Zaim Xanşalavi deyib.
"Əlcəzairdə Azərbaycanın antropologiya, mədəniyyət və din tədqiqatları mərkəzləri ilə ittifaqların yaradılmasına səy göstərilir", - bazar ertəsi Trend -a Bakıdakı "Müasir dünyada yeni idraka ümumi nəzər" beynəlxalq elmi konfransında çıxış edən doktor Xanşalavi bildirib.
Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilib.
Xanşalavinin sözlərinə görə, Azərbaycan alimlərinin dünya mədəniyyətinin inkişafına verdiyi töhfə, bu ölkə ilə əməkdaşlığın inkişafına maraq oyadır.
"Biz mədəniyyət təşkilatlarının nümayəndələri ilə görüşmək, həmçinin yerli TV və KİV-də çıxış etmək üçün azərbaycanlı akademiklərin Əlcəzairə səfərini gözləyirik, - o qeyd edib. - Bu, bir din - İslamın birləşdirdiyi iki ölkə - Azərbaycan və Əlcəzair arasında yaxınlaşmağa kömək edəcək".
Xanşalavi Azərbaycanın Dağlıq Qarabağda işğal olunduğu ərazilərində tarixi və mədəniyyət abidələrinin dağıdılmasına qarşı beynəlxalq tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirib.
"Azərbaycan Hökumətinin nəinki maddi, həm də mənəvi dəyərlərin saxlanılması təşəbbüsünü nəzərə alaraq, (Dağlıq Qarabağda) məscid və tarixi abidələrin (ermənilər tərəfindən) dağıdılması məni çox narahat edir", - Xanşalavi vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]