Azərbaycan, Bakı, 18 may / Trend , müxbir C.Babayeva / Azərbaycan Xarici İşlər Nazirliyi siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədi ilə İsveçrəyə dəvət olunub.
Bu barədə dəvət Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Mixael Ambül ilə görüş zamanı edilib, bazar ertəsi XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşün məqsədi keçən il əldə edilmiş razılığa əsasən, iki ölkənin XİN-ləri səviyyəsində müntəzəm siyasi məsləhətləşmələrin aparılması olub.
Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib. Bildirilib ki, ölkələr arasında siyasi dialoq yüksək səviyyədə təşkil olunaraq həyata keçirilir. Tərəflər Azərbaycanla İsveçrə arasında normativ-hüquqi bazanın mövcud durumundan məmnun olduqlarını və daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
İsveçrənin Azərbaycanın qeyri-neft sektorunda aparıcı investor ölkələrdən biri olduğunu nəzərə alaraq, ölkələrimiz arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]