...

Azərbaycan parlamentində ATƏT-in Minsk Qrupuna etiraz bildirilib

Siyasət Materials 22 May 2009 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir, A. Hüseynbala /

Azərbaycan parlamentində ATƏT-in Minsk Qrupu həmsədrlərinin son vaxtlar səslənən bəyanatlarına etiraz bildirilib.

"Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin müaqişənin nizamlanmasının Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə heç bir əlaqəsi olmaması haqda fikirləri tamamilə məntiqsizdir", - cümə günü parlamentdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Fransanın Minsk Qrupunun həmsədri bu bəyanatı bu günlərdə səsləndirib.

Əhmədovun fikrincə, Azərbaycan Prezidenti və cəmiyyəti bu iki məsələnin bir biri ilə bilavasitə əlaqəli olduğunu bildirib. "Belə bir mövqenin MQ missiyasını həyata keçirən təmsilçi tərəfindən səsləndirilməsi bütövlükdə vasitəçilik missiyasına uyğun gəlməyən bir hərəkətdir", - YAP funksioneri deyib.

Əhmədov Azərbaycan parlamenti adından MQ həmsədrlərinin son vaxtlar səslənən bu cür bəyanatlarına etiraz bildirilməsinin vacib olduğunu qeyd edib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti