Azərbaycan, Bakı, 29 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İran və Rusiyadan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 20 kiloqram həşiş aşkar edilərək götürülüb.
MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən cümə günü Trend -a bildiriblər ki, Azərbaycan Respublikasının vətəndaşları - Murad Alıyev və Azər Məmmədov, habelə İran İslam Respublikasının vətəndaşı Əlibala Tarıverdiyan qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.
Məlum olub ki, "BELİT" markalı yük avtomobilinin sürücüsü Əlibala Tarıverdiyan həmin narkotikləri idarə etdiyi nəqliyyat vasitəsində xüsusi düzəldilmiş yerdə gizlədərək Azərbaycan ərazisinə gətirib və Murad Alıyev ilə Bakı şəhərinin Qaradağ rayonunun ərazisində görüşmək barədə razılığa gəliblər. Murad Alıyev və Azər Məmmədov, sonuncunun idarə etdiyi "BMW" markalı avtomobil ilə Qaradağ rayonuna gələrək burada Əlibala Tarıverdiyan ilə görüşüb, içərisində narkotik vasitə olan kisəni Əlibala Tarıverdiandan təhvil alıblar. Narkotik vasitələri Azər Məmmədovun idarə etdiyi avtomobildə gizlədiblər və Bakı istiqamətində hərəkət edərkən saxlanılıblar. Avtomobilə baxış zamanı 16 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.
Nazirliyinin keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb.
Sumqayıt şəhər sakini Esmira Əsədova Masallı rayonuna gedərək burada hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən Rusiya Federasiyasının Moskva şəhərinə aparmaq üçün 4 kiloqrama yaxın narkotik vasitə olan həşiş əldə edib. Bundan sonra Esmira Əsədova taksi ilə Sumqayıt şəhərinə hərəkət edərkən saxlanılmış, baxış zamanı onun üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]