...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi Heydər Əliyev Fondunda olub

Siyasət Materials 12 İyun 2009 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12  iyun / Trend , müxbir C.Babayeva /

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Aparatının əməkdaşları cümə günü Heydər Əliyev Fondunda olublar.  

DSMF əməkdaşları Fonddakı zəngin ekspozisiya ilə yaxından tanış olublar. Onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndər haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar, DSMF-nin yaydığı məlumatda bildirilib.

DSMF əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə, ulu öndərin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestat və diploma, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməyə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələrə, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillərə, iş otağındakı əşyalara xüsusi maraq göstəriblər.

Qonaqlar, həmçinin burada Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa edib, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olublar.

DSMF sədri Səlim Müslümov Heydər Əliyev Fondu ilə tanışlığın rəhbəri olduğu qurumun əməkdaşlarında zəngin təəssürat doğurduğunu bildirib. Müslümov bildirib ki, gənc nəslin borcu ümummilli lider Heydər Əliyevin zəngin həyatını, elmi-nəzəri irsini dərindən öyrənməkdir. O, deyib ki, ulu öndər Heydər Əliyev irsinin tədqiq edilib toplanmasında, təbliğində, dünyaya çatdırılmasında fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gördüyü işlər ən yüksək qiymətə layiqdir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti