...

Azərbaycanın müxalifət partiyası fəaliyyətini dayandıra bilər

Siyasət Materials 27 İyul 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyasının liderinin müşaviri partiyanın fəaliyyətinin dayandırılmasını təklif edir.

"Qeydiyyatı, qərargahı və maliyyə vəsaiti olmayan partiya ilə heç nəyə nail omaq mümkün deyil", - bazar ertəsi Trend -a Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyeva bildirib.

Trend -un arayışı: Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007-ci ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etirazlarını bildirərək ADP-dən imtina edib özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. ACP 2008-ci il оktyabrın 15-də kеçirilən prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul etsə də, hаkim Yеni Аzərbаycаn Pаrtiyаsının nаmizədi İlhаm Əliyevi dəstəkləyib.

ACP sədri Akif Şahbazov bir ay öncə İdarə Heyətinin iclasında vəzifəsindən istefa verib. Partiyanın Nizamnaməsinə görə sədr səlahiyyətlərinin icrası Ali Məclisin sədrinə həvalə olunub. Sədrin istefasından sonra üç ay müddətində Ali Məclisin iclası keçirilərək partiyaya yeni sədr seçilməlidir.

Dünyamalıyevanın sözlərinə görə, partiyanın rəhbərliyində təmsil olunan insanlar da heç bir müsbər addım atacaq gücdə deyillər. "Buna görə də düşünürəm ki, bir-birimizi aldatmağa ehtiyac yoxdur. Partiyanın indiki durumu tələb edir ki, Ali Məclisin iclasını çağırılsın və partiyanın fəaliyyətinə xitam verilsin", - partiya liderinin müşaviri əlavə edib.

ACP-nin funksioneri bununla bağlı liderləri Rəsul Quliyevlə heç bir müzakirələr aparmadığını deyib. "Yox, sadəcə olaraq mənim vaxtilə verdiyim proqnozların hamısı artıq doğru çıxıb. Ona görə də düşünürəm ki, Rəsul müəllim də fikirlərimə hörmətlə yanaşır. Çünki mən nə yalan, nə də cəfəngiyat danışmıram. Real vəziyyət partiyanın fəaliyyətini dayandırmasını tələb edir və bu addımı atmaq üçün özümüzdə cəsarət tapmalıyıq", - Dünyamalıyeva qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti