Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir T.Cəfərov /
Trend -un Fars redaksiyasının İranın İnsan Haqlarını Müdafiə Komitəsinin mərkəzi heyətinin üzvu, Azad Seçkilər Komitəsinin Baş katibi və Prokurorluğun birinci dərəcəli vəkili Məhəmməd Seyfzadə (Mohammad Seyfzadeh) ilə müsahibəsi
- Tehran Şəhər Məhkəməsində İran müxalifətinin (İslahatçılar düşərgəsinin) siyasi fəallarından 100 nəfərin ilk məhkəmə prosesi keçirildi. Siz İnsan Haqlarını Müdafiə Komitəsinin mərkəzi heyətinin üzvi kimi məhkəmənin keçirilmə prosesini necə dəyərləndirirsiniz?
- Məhkəmədə ittiham olunanlar prezident seçkilərindən sonra baş verən hadisələrlə bağlı həbs olunublar. Onlar "rəngli inqilab" etməkdə ittiham olunurlar. Onların həbsi zamanı Cinayət Prosessual Məcəllənin 112, 119 və 124 -cü maddələrinin tələbləri pozulub. Həmin maddələrə əsasən, onlara bildiriş verilməli, çağırılmalı və xəbərdarlıq olunmalıdır. Konstitusiyanın 36-cı maddəsinə və İslami Cəza Qanununun 2-ci maddəsinə əsasən, cinayət və həmin cinayətə görə nəzərdə tutulan cəza qanunda əksini tapmalıdır. Bu o deməkdir ki, şəxs yalnız qanunla müəyyən edilən cinayətə görə ittiham oluna bilər və həmin ittiham üzrə təqsiri sübuta yetirildiyi halda cəzalandırıla bilər. Həmin şəxslər isə "rəngli inqilab" cinayətində ittiham olunurlar. Bizim İslami Cəza Qanununda və digər qanunlarımızda "rəngli inqilab" adlı cinayət yoxdur. Onların hərəkətlərinə cinayət donu geyindirmək qadağandır, əgər bu ittiham olunanın xeyirinə olsa belə, yenə də qadağandır.
- Siz ittiham olunanların dindirilmə və istintaq prosesini necə dəyərləndirirsiniz?
- İttiham olunanların istintaqı da qanuna uyğun aparılmayıb. Onların vəkillərinin bildirdiyinə görə, ilkin ibtidai istintaq, dindirmə və məhkəmə istintaqı zamanı vəkillərin iştirakı təmin olmayıb. Digər tərəfdən, əgər onlar hansısa cinayəti törətmiş olmuş olsalar belə, həmin şəxslərə qarşı sürülən ittiham siyasi məzmunludur. Konistitusiyanın 165-ci maddəsinə görə, üç haldan başqa bütün məhkəmə prosesləri açıq keçirilməlidir. Konistitusiyanın 168-ci maddəsinə və eləcə də 1994-cü ildə təsdiq olunumuş və 2002-ci ildə düzəliş olunmuş İnqilab və Ümumi məhkəmə qanunlarının 20-ci maddəsinin birinci bəndinə əsasən, siyasi və mətbuat cinayətləri Ədalət Məhkəməsində (Ümumi məhkəmə) Münsiflər Heyətinin iştirakı ilə açıq keçirilməlidir. Onların məhkəmə prosesinin qapalı aparılması ilə Konstitutsiya və digər qanunların müvafiq tələbləri pozulub. Həmçinin seçilmiş Münsiflər Heyətinin üzvləri dövlətin nümayəndələri olmamalıdır. Məhkəmə prosesi davam edən ərəfədə ittiham olunanların çıxışlarının radio-televiziya və digər informasiya vasitələrində yayımlanmasına da qanun iczə vermir. Cinayət Məcəlləsinin 188-ci maddəsinin birinci bəndinə əsasən, ittiham olunanların və zərərçəkmişlərin adları, vəzifəsi göstərilərsə, onların ifadələrinin yayımlanması yolverilməzdir. Qanun yalnız məhkəmə hökmündən sonra buna icazə verir. Qanunun bu tələbini pozanlara qarşı təhqir və böhtan ittihamları ilə cinayət işi açıla bilər.
- Mətbuat iddia edir ki, Mübariz Ruhanilər Assambleyasının Mərkəzi Şurasının üzvü Məhəmməd Əli Əbtəhi ruhani olduğu üçün Ruhanilərin xüsusi məhkəməsi tərəfindən mühakimə olunmalıdır. Bu səbədən də onun Ümumi məhkəmə tərəfindən mühakimə olunması qanunsuz hesab edilir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Fikrimcə, Ruhanilərin xüsusi məhkəməsi və İnqilab məhkəməsinin olması Konstitusiyaya ziddir. Konstitusiyanın 159-cu maddəsinə əsasən, qanunvericilik təkcə Ümumi məhkəməni və xüsusi məhkəmə kimi isə Hərbi məhkəməni rəsmi tanıyır. Cənab Əbtəhi ruhani olsa da, əgər hansısa cinayəti törədibsə, onun işinə Ümumi məhkəmədə baxılmalıdır.
- Siz ittiham olunan şəxslərin etiraflarına necə baxırsınız?
- Konstitusiyanın 38-ci maddəsinə əsasən, işgəncə qadağandır. Etiraflar əgər işgəncə ilə əldə olunubsa, hüquqi qüvvəsi yoxdur. İşgəncə verilməsi cinayətdir və qanun işgəncə verənlərin cəzalandırılmasını tələb edir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı qanunsuz yolla toplanmış sübutlar sübut kimi qəbul edilə bilməz.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]