Sərhədlər açılsa və ya ölkələr belə qərar qəbul etməyə yaxın olsalar, Türkiyə və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. Bu barədə Ermənistan Prezidenti Serj Sarkisyan BBC-nin Rusiya xidmətinə müsahibəsində deyib.
"Sərhədlərimiz açılsa, yaxud buna yaxın olsaq, qarşıdakı futbol matçına gedəcəm", - Sarkisyan deyib.
"Futbol diplomatiyası" termini bir il əvvəl meydana gəlib. O zaman Türkiyə Prezidenti Abdullah Gül İrəvana getmişdi. Bunun formal səbəbi isə iki ölkənin milli komandaları arasında keçirilən futbol oyunu olmuşdu.
Bu, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağını və ölkələrin barışıq prosesinə başlayacaqlarını düşünməyə əsas verdi. Lakin son həftələrdə İrəvan Ankaranı bu prosesin dondurulmasında ittiham edir.
Oktyabrın ortalarında Türkiyədə Ermənistan komandası ilə futbol matçı keçiriləcək. Bu oyunu Ermənistan Prezidenti Serj Sarkisyan da stadiondan izləyə bilər.
"Razılaşmamız var. Düşünürəm ki, normal, düzgün yol tərəflərin öz razılaşmasını yerinə yetirməsidir. Təəssüf ki, indiyədək bu razılaşmaların yerinə yetirilməsi istiqamətində böyük həvəs və cəhd görməmişəm", - Sarkisyan deyib.