Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir, A.Hüseynbala /
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri hesab edir ki, Xəzəryanı ölkələr Xəzərin demilitarizasiyasına (hərbiləşdirilməməsinə) çalışmalıdır.
"Adətən Xəzəryanı ölkələrin rəsmiləri Xəzərin hərbiləşdirilməməsi ilə bağlı şüarlar səsləndirirlər. Bu baxımdan Xəzərin hərbiləşdirilməməsi daha yaxşı olar", - bazar ertəsi Trend -a Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Astan Şahverdiyev bildirib.
Trend -un arayışı: Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib, RİA Novosti yazır.
Təhlükəsizlik Şurasının Polis Akademiyasının yeni binasının açılışına həsr olunmuş geniş iclasında çıxış edən dövlət başçısı qeyd edib ki, Türkmənistan quru sərhədi ilə yanaşı, dəqiq şəkildə mühafizə edilməli olan müəyyən ölçülü dəniz sərhədinə malikdir, Türkmənistan televiziyası xəbər verir.
"Hazırda bizim dəniz sərhədimizin möhkəmləndirilməsi və Xəzər sahillərinin yadlardan mühafizəsi üzrə xüsusi işlər həyata keçirilir ", - Berdımuhəmmədov bildirib. O qeyd edib ki, dəniz hövzəsinin lokasiya və optik nəzarət sistemi yaradılacaq.
Şahverdiyevin sözlərinə görə, Türkmənistan suveren dövlət olduğundan Xəzər dənizində hərbi-dəniz bazası yaratması öz daxili işidir. "Amma düşünmürəm ki, Türkmənistan bununla Xəzəryanı ölkələrə hər hansı problem yaratmaq niyyətindədir", - işçi qrupun rəhbəri əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]