Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir A.Axundov /
Türkiyə Ermənistan ilə münasibətləri Dağlıq Qarabağ münaqişəsi tam həll olunduqdan sonra normallaşdıracaq, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Dəməşqdən Nikosiyaya uçuşu zamanı Reyter agentliyinə müsahibəsində bildirib.
"Biz Ermənistan ilə münasibətləri normallaşdırmaq istəyirik, lakin bununla yanaşı biz Dağlıq Qarabağ münaqişəsinin tam həll edilməsinin tərəfdarıyıq", - o bildirib.
Türkiyə və Ermənistan arasında bazar ertəsi İsveçərinin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub.
"Biz ümid edirik ki, bu addımdan sonra beynəlxalq cəmiyyət dondurulmuş münaqişələrə, xüsusilə isə Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq", - Türkiyənin xarici işlər naziri bildirib.
"Biz Qafqazda və Balkanlardakı təcrübəmizdən başa düşmüşük ki, dondurulmuş münaqişələr əlimizdə bomba kimidir və biz onlara nəzarət edə bilməsək onlar partlayacaq", - o əlavə edib.
Davudoğlunun sözlərinə əsasən, Ermənistan ilə münasibətlərin normallaşdırılması bütün regionda stabil və davamlı sülh şəraitini təmin edəcək
"Bu, regionumuzda stabil və davamlı sülh şəraitini təmin edəcək. Qafqaz etnik qarşıdurmalardan və dondurulmuş münaqişələrdən kifayət qədər əziyyət çəkib. Bu prosesin başa çatmasından sonra təkcə Türkiyə-Ermənistan sərhədləri açılmayacaq, eyni zamanda bir çox şey həyata keçəcək", - Davudoğlu bildirib.
Türkiyə və Ermənistan hələ 1933-cü ildə pozulan münasibətlərini normallaşdırmağa çalışırlar. Diplomatik münasibətlərin pozulmasının səbəbləri "erməni soyqırımı"nın tanınması iddiası ilə Yerevanın həyata keçirdiyi anti-türk kampaniyası və Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]