Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir C.Babayeva /
Sülhməramlı qüvvələr barədə qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə ediləcək. Bu barədə şənbə günü jurnalistlərə parlament birinci vitse-spikeri, deputat Ziyafət Əsgərov bildirib.
"Hesab edirəm ki, bu qanun layihəsi perspektivlidir. Ümid edirəm ki, bu qanun sülhməramlılar problemini həll edəcək. Qanun layihəsində sülhməramlıların maddi-texniki problemlərinin həlli əks olunacaq", - Əsgərov bildirib.
Azərbaycanın sülhməramlı qüvvələri hazırda Əfqanıstanda xidmətdədir.
Əsgərov həmçinin bildirib ki, hərbi doktrinanın qəbul olunması gözlənilir. "Əldə olunan məlumata görə, hazırda sənədin təkmilləşdirilməsi üzərində gücləndirilmiş işlər həyata keçirilir", - deputat bildirib.
Qanun layihəsinin hələ ötən sessiyada parlamentin müzakirəsinə çıxarılması nəzərdə tutulmuşdu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]