...

Azərbaycan Prezidenti Opera və Balet Teatrında aparılacaq əsaslı təmir işlərinin eskiz layihəsi ilə tanış olub

Siyasət Materials 9 Sentyabr 2009 17:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olublar.
Azərbaycan Prezidenti Opera və Balet Teatrında aparılacaq əsaslı təmir işlərinin eskiz layihəsi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ilə tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Paytaxtın mərkəzində yerləşən bu möhtəşəm sənət ocağının səhnəsində uzun illər klassik və müasir əsərlər tamaşaya qoyulub. Opera və Balet Teatrının binası təxminən 100 il əvvəl sənaye sahibkarları olan Mailov qardaşlarının vəsaiti hesabına inşa edilib. O vaxtdan etibarən milli opera sənətində baş verən mühüm hadisələr bu bina ilə bağlı olub.

Opera və Balet Teatrına istər keçmiş SSRİ məkanında, istərsə də dünya miqyasında şöhrət qazandıran yalnız zəngin repertuar olmayıb. Bu teatr binasının divarları arasında Azərbaycan vokal sənətinin bir çox parlaq nümayəndəsi yetişərək şöhrət qazanıb. Teatr bu gün də Azərbaycanın möhtəşəm sənət məbədi missiyasını uğurla davam etdirir.

Məhz buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən teatr binasının tamamilə yenidən qurulması layihəsi hazırlanıb.

Dövlət başçısına binada aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin birinci mərhələsinin eskiz layihəsi təqdim olunub.

Bildirilib ki, layihəni İtaliyanın "Ekstra" şirkəti Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə birgə hazırlayıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təmir-bərpa işlərində istifadə ediləcək İtaliya istehsalı olan tikinti materiallarının nümunələrinə baxıblar. Bir-birini tamamlayan rəngli materiallar binanı daha baxımlı edəcək.

Sonra dövlət başçısı layihənin maketinə baxıb. Məlumat verilib ki, teatrın binası, səhnəsi, tamaşa zalı, əsaslı şəkildə yenidən qurulacaq, əlavə yeni inzibati korpus inşa olunacaq. Zal və səhnənin yenidən qurulmasına İtaliyadan peşəkar ustalar cəlb ediləcək. Səhnə ən müasir və çevik texnologiya əsasında qurulacaq, akustika sistemi müasir standartlara uyğunlaşdırılacaq, avadanlıq dünyanın ən məşhur şirkətlərindən alınacaq.

Prezident İlham Əliyev teatrın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən videoçarxa baxıb.

Teatrın binası dünyanın ən tanınmış sənət ocaqları ilə müqayisə oluna biləcək səviyyəyə çatdırılacaq. Bu, eyni zamanda, Azərbaycanda teatr sənətinə marağın artmasında mühüm rol oynayacaq. Teatrın yenidən qurulan binası gündən-günə abadlaşan və gözəlləşən paytaxtımıza xüsusi yaraşıq verəcək.

İlkin layihə 6 ay ərzində təkmilləşdiriləcək və bundan sonra yenidənqurma işlərinə başlanacaq.

Prezident İlham Əliyev təmir-bərpa işlərinin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti