Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Qusar şəhərində Dövlət Bayrağı meydanı ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qusar şəhərinin girəcəyində ən yüksək yerdə inşa olunmuş Dövlət Bayrağı meydanının tikintisinə bu ilin mayında başlanılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə inşa olunmuş meydanın ərazisi 16 min kvadratmetrdir. Meydanın 9 min kvadratmetrlik sahəsində yaşıllıq salınıb, yerli iqlimə uyğun 5 min ağac, dekorativ gül kolları əkilib. Bundan başqa, 7500 kvadratmetr əraziyə tamet və daş piltələr döşənib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlüyündə dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ərazinin metereoloji vəziyyəti nəzərə alınaraq bayraq üçün 12 tonluq dirək ucaldılıb. Eni 10, uzunluğu 20 metr olan bayraq və onun dirəyi Türkiyədə hazırlanıb.
Prezident İlham Əliyev meydanla tanışlıqdan sonra şəhərin mənzərəsini seyr edib.
Sonra burada dövlət başçısına Samur-Həzrə yolunun plan-sxemi, Heydər Əliyev parkının və muzey kompleksinin eskiz layihəsi barədə məlumat verilib.
Prezident İlham Əliyev Qusarın yol-nəqliyyat kompleksinin yenilənməsi, Heydər Əliyev parkı və muzey kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.